Prezident İlham Əliyev: "Azərbaycan və Polşa qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fəal işləməlidir və ölkəmizdə gözəl sərmayə iqlimi var"


Siyasət 31 May 2019 18:05:00 226 0

Prezident İlham Əliyev: "Azərbaycan və Polşa qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fəal işləməlidir və ölkəmizdə gözəl sərmayə iqlimi var"

Azərbaycan və Polşa qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fəal işləməlidir və ölkəmizdə gözəl sərmayə iqlimi var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Polşa Prezidenti Andjey Duda ilə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "Hesab edirəm ki, sərmayə qoyuluşu baxımından bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Biz qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fəal işləməliyik və ölkəmizdə gözəl sərmayə iqlimi var. Ümid edirəm ki, Polşa şirkətləri bu imkanlara diqqətlə baxacaqlar. Eyni zamanda, Azərbaycan şirkətlərinə də tövsiyə edirəm Polşadakı imkanlara baxsınlar ki, bizim aramızda olan iqtisadi və ticarət əlaqələri daha da genişlənsin. Keçən il Polşada Azərbaycanın ticarət evi açılmışdır. Bu, kiçik də olsa, önəmli addımdır. Hesab edirəm ki, bundan sonra bu istiqamətdə daha böyük addımlar atılacaq.

Bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkələrimiz üçün böyük önəm daşıyır. Azərbaycan bu sahədə öz işlərini görür. Mövcud nəqliyyat və logistika imkanları yeni bir vəziyyət yaradır. Yəni, Azərbaycan nəqliyyat mərkəzlərinin birinə çevrilir və əlbəttə, ərazimizdən keçən yüklərin həcmi də əminəm ki, artacaq.

Energetika sahəsində əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu sahədə də böyük potensial, qarşılıqlı maraq var. Müvafiq qurumlar, bizim şirkətlərimiz bu məsələ ilə bağlı indi işləyirlər və danışıqları davam etdirirlər.

Biz bu gün, eyni zamanda, digər sahələrdəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Kənd təsərrüfatı, turizm və digər sahələrdə yaxşı imkanlar var. Həm əldə edilmiş nailiyyətlər, həm də yeni imkanlar mövcuddur və biz bu imkanlardan istifadə etməliyik".