Akademik: "Nəsimi humanizmini çağdaş təfəkkürün işığında yenidən araşdırmaq önəmlidir"


Kriminal 31 May 2019 17:18:00 236 0

Akademik: "Nəsimi humanizmini çağdaş təfəkkürün işığında yenidən araşdırmaq önəmlidir"

İmadəddin Nəsimi humanizmini çağdaş elmi-nəzəri təfəkkürün işığında yenidən araşdırmaq, onun öz dövrü üçün ifadə etdiyi ezopdilli dolaşıq sufi-hürufi simvolların, rəqəm-hərf rebuslarının açılmasından daha çox, bizim mədəni-mənəvi, estetik problemlərimiz baxımından çağdaş nəsilimizə, cəmiyyətimizə nə verəcəyini üzə çıxarmaq önəmlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında "Nəsimi humanizminin ümumbəşəri əhəmiyyəti" mövzusunda elmi məruzə ilə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli deyib.

Akademik bildirib ki, antik fəlsəfi-sosial fikrin təsiri altında islam aləmində yüksək səviyyəyə çatmış humanist istiqamətli bədii-fəlsəfi yaradıcılıq Azərbaycanda XII əsrdə Nizami Gəncəvi irsi ilə özünün zirvə nöqtəsinə çatıb. İslam Şərqinin hər üç hakim dilində - ərəb, fars və türk dillərində humanist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri də XIV yüzilliyin sonu, XV yüzilliyin əvvəllərində yaşayıb yaratmış böyük Azərbaycan şairi və filosofu Seyid İmadəddin Nəsimidir.

Natiq bildirib ki, Nəsimi humanizmi yüksək istedadlı, təbiətdəki harmoniyaya və insan gözəlliyinə vurğun olan böyük bir şairin humanizmidir:

"Nəsimi humanizminin kontekstinə gəldikdə, ilk sırada, bütün dünyada sosiologiya elminin banisi hesab edilən və Azərbaycan şairinin böyük müasiri olan Əbdürrəhman ibn Xəldunun yaradıcılığı yada düşür. Əlbəttə, İbn Xəldun da öz fikirlərində antik fəlsəfəyə, İbn Sina, İbn Rüşd, Biruni kimi Orta əsrlər Şərq fəlsəfəsinin böyük nümayəndələrinin əsərlərinə, zəngin Şərq poeziyasına əsaslanırdı. Ancaq bu ümumi kontekstdə Nəsimi sənətinin gücü ilə bir sıra orijinal fikirlərin irəli sürüldüyünü də aşkar etməmək mümkün deyil".

Alim nəzərə çatdırıb ki, Nəsimi özündən əvvəlki Azərbaycan poeziyasının birbaşa varisi kimi çıxış edərək ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf etdirib.