Şahin Mustafayev: "Prezident İlham Əliyev qeyrineft sənayesinin inkişafını strateji kurs kimi müəyyən edib"


Digərləri 31 May 2019 13:46:00 249 0

Şahin Mustafayev: "Prezident İlham Əliyev qeyrineft sənayesinin inkişafını strateji kurs kimi müəyyən edib"

Ölkəmizdə həyata keçirilən əsaslı islahatlar nəticəsində inkişafın Azərbaycan modeli iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni sənaye sahələrinin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması sayəsində daha da zənginləşdirilib. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev rəsmi mətbuata müsahibəsində ölkəmizdə sənaye sahəsinin inkişafı ilə bağlı görülən işlərdən söhbət açıb.

Son.az Trend-ə istinadən müsahibəni təqdim edir:

- Cənab nazir, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar kontekstində qeyri-neft sənayesinin inkişafı barədə fikirlərinizi bilmək istərdik.

- Ümummilli lider Heydər Əliyevin qüdrətli dövlətin qurulmasına hədəflənmiş, uzaqgörən inkişaf strategiyası yeni dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir, ölkəmizin siyasi-iqtisadi imkanları daha da genişlənir, beynəlxalq aləmdə nüfuzu artır.

Azərbaycanın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirir, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır. Təsadüfi deyildir ki, dünya qlobal maliyyə və iqtisadi böhranı şəraitində inkişaf etmiş bir çox dövlətlər ciddi çətinliklərlə üzləşdikləri halda, Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə, iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edir.

Bu baxımdan dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, yeni sənaye sahələrinin yaradılması, ən müasir texnologiyalar təmin edilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Belə ki, iqtisadi tərəqqidə "Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir"prinsipini strateji kurs kimi müəyyən edən Prezident İlham Əliyev müvafiq sərəncamları ilə bu sahəyə xüsusi diqqətin göstəricisi kimi, 2014-cü ili ölkəmizdə "Sənaye ili" elan edib, həmin ilin dekabrında "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nı təsdiqləyib. Proqram sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması və s. kimi istiqamətləri özündə ehtiva edir.

Dövlət Proqramı üzrə tədbirlərin həyata keçirilməsi, bütünlükdə uğurlu sənayeləşmə siyasəti səmərəli nəticələrini verir. Məsələn, qeyri-neft sənaye istehsalı 2015-ci ildə 8,4 faiz, 2016-cı ildə 4,8 faiz, 2017-ci ildə 3,7 faiz, 2018-ci ildə isə 9,1 faiz artıb.

Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər innovativ müəssisələrin yaradılmasına, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına yeni imkanlar açır.

Bu baxımdan müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafının təmin edilməsi, bu sahəyə sahibkar marağının artırılması və daha çox investisiyanın cəlb edılməsi, istehsal sahəsində məşğulluğun yüksəldilməsi vacib amillərdir.

Yeri gəlmişkən, Azərbaycanda əlverişli biznes və investisiya mühiti iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayedə də sahibkarlıqla məşğul olmaq istəyənlər üçün münbit şərait yaradır. Ölkəmizdə işgüzar sferanın əlverişliliyi, aparılan islahatların real nəticələri nüfuzlu beynəlxalq təşkilatlar və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda ölkəmiz 10 göstəricidən 8-i üzrə irəliləyib. Misal üçün, "Biznesə başlama" göstəricisi üzrə 9 pillə irəliləyərək 9-cu pilləyə, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 8 pillə irəliləyərək 2-ci pilləyə yüksəlib.

- Qeyri-neft sənayesinin hansı sahələri üzrə daha çox artım müşahidə edilir?

- Azərbaycanda həyata keçirilən səmərəli və dəqiq hədəflərə hesablanmış sosial-iqtisadi siyasətin real nəticələri konkret rəqəmlərdə də ifadə olunur. Bu ilin birinci rübündə ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya yatırılıb ki, bunun da 2 milyard dollarını qeyri-neft sektoruna qoyulmuş sərmayə təşkil edir. Həmin müddətdə ümumi daxili məhsul 3 faiz artıb. Bu, son bir neçə il ərzində ən yüksək göstərici hesab olunur. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar ümumi daxili məhsulun artımının daha çox sənaye istehsalının hesabına formalaşmasını şərtləndirir. Ümumi daxili məhsulda sənayenin payının ildən-ilə nəzərəçarpacaq dərəcədə artması bunu aydın şəkildə göstərir: ümumi daxili məhsulda sənayenin payı 2015-ci ildə 32,9 faiz, 2016-cı ildə 37,1 faiz, 2017-ci ildə 40,1 faiz, 2018-ci ildə 44,2 faiz, 2019-cu ilin birinci rübündə isə 46 faiz olub.

Ötən il ərzində Azərbaycanda sənaye istehsalı 1,5 faiz artıb. İnkişaf meyili 2019-cu ildə də davam edir. Bu ilin ilk rübündə qeyri-neft sektorunda 1,7 faiz, sənaye istehsalında 4,4 faiz, qeyri-neft sənayesində isə 15,6 faizlik artıma nail olunub.

Cari ilin yanvar-mart aylarında qeyri-neft sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (85,6 faiz), içki istehsalı (78,8 faiz), toxuculuq sənayesi (61,4 faiz), mebellərin istehsalı (58,7 faiz), rezin və plastik kütlə məmulatlarının istehsalı (59,3 faiz), kağız və karton istehsalı (34,6 faiz), kimya sənayesi (32,6 faiz), qida məhsullarının istehsalı (26,8 faiz), maşın və avadanlıqların istehsalı (13,2 faiz), tikinti materiallarının istehsalı (8,5 faiz) və s. sahələrdə müşahidə olunub. Sənayeləşmə siyasətinin uğurla həyata keçirilməsi, yeni sənaye müəssisələrinin yaradılması əhalinin məşğulluğunun artırılmasına, həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfə verir. Qeyd edim ki, 2019-cu ilin yanvar-mart aylarında ölkənin sənaye sahələrində çalışan işçilərin sayı 204 min nəfərdən çox, orta aylıq əməkhaqqı isə 1037 manat təşkil edib.

- Qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasında, qeyr-neft sənayesinin mütərəqqi üsullarla inkişafında dövlətin dəstək modelləri olan sənaye parkları və məhəllələrinin rolunu necə xarakterizə edərdiniz?

- Dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, ölkədə yeni sənaye müəssisələri açılır, mövcud müəssisələrin istehsal gücü artırılır, hazırda bir sıra sənaye obyektlərinin tikintisi davam etdirilir. Bir daha qeyd edim ki, sənayenin inkişafında yeni mexanizm kimi sənaye parklarının yaradılmasının böyük əhəmiyyəti vardır. Artıq Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır.

İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 23-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 8 rezident istehsala başlayacaq.

Sənaye parklarında rezidentlər üçün vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Hazırda bu güzəştlərin səmərəliliyinin daha da artırılması istiqamətində təkliflər hazırlanır.

Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.

İndiyədək sənaye parklarına 3,3 milyard dollar həcmində investisiya qoyulub. Təkcə, 2018-ci ildə rezidentlər tərəfindən 451 milyon dollar sərmayə yatırılıb. Sənaye parklarında 9 minə yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə 400 milyon dollaradək sərmayə qoyuluşu, 1600-dən artıq iş yerinin açılması nəzərdə tutulur.