"TANAP Türkiyəyə qaz nəql edir və Avropaya nəqlə hazırlaşır"


Digərləri 31 May 2019 13:17:00 199 0

"TANAP Türkiyəyə qaz nəql edir və Avropaya nəqlə hazırlaşır"

Bu günə qədər Transanadolu boru kəməri ilə (TANAP) 1,9 milyard kubmetr qaz nəql olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında "Xəzər dənizinin Ofşor yataqlarında 70 illik hasilat tarixi" sessiyasında bildirib.

SOCAR-ın birinci vitse-prezidentinin sözlərinə görə, "Şahdəniz" yatağının hesabına Azərbaycan, eləcə də qaz ölkəsi kimi ad qazanıb.

X.Yusifzadə qeyd edib: "Bu yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon ton kondensat təşkil edir".

Onun sözlərinə görə, 2006-ci ildə yataq işlənməyə başlayandan bu günə qədər "Şahdəniz"də hasilat 104 milyard kubmetr qazdan çox olub.

SOCAR rəsmisi vurğulayıb ki, hazırda Türkiyəyə qaz nəql edən TANAP Avropaya nəqlə hazırlaşır.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.