Uşaqlarda tənəffüs orqanlarının xüsusiyyətləri


Digərləri 30 May 2019 23:35:00 281 0

Uşaqlarda tənəffüs orqanlarının xüsusiyyətləri

Uşaqların tənəffüs üzvləri böyüklərinkindən xeyli fərqlənir. Bəzi xüsusiyyətlərin üzərində dayanaq.

Burunla tənəffüs fizioloji düzgün tənəffüs sayılır. Uşağın burunla nəfəs almasına fikir verin.

Südəmər uşaqlarda burun tənəffüsü pozulduqda uşaq süd əmə bilmədiyindən döşdən imtina edir və sonda ac qalır. Bu hal uzun müddət davam edərsə, körpənin çəkisi az artır, o pis inkişaf edir, orqan və toxumaların hipoksiyası (oksigen ilə tam təmin edilməməsi) əmələ gəlir.

Burun tənəffüsünün pozulması uzun müddət davam edərsə, bu hal mərkəzi sinir sisteminin pozğunluğuna, kəllədaxili təzyiqin artmasına gətirib çıxara bilər. Bu zaman uşaq narahatlıq keçirir, başagrıları, yuxusuzluq meydana çıxır.

Son nəticədə, daima ağızla nəfəs alan uşaqlar soyuqdəyməyə tez-tez məruz qalırlar. Çünki soyuq hava ağızdan birbaşa tənəffüs yollarına daxil olur (normal burun tənəffüsü zamanı hava burun boşluğunda bir qədər isidilir və tozdan da təmizlənir). Əgər uşağınızın uzun müddət ağızla nəfəs aldığını, tez yorulduğunu, ağzının quruduğunu, yuxuda xoruldadığını, pis yatdığını hiss etsəniz, mütləq LOR (qulaq-burun-boğaz) həkiminə müraciət edin.

Bir şeyə xüsusi olaraq diqqət yetirin. Orta qulaq udlaqla yevstax borusu vasitəsi ilə birləşir (şəklə bax). Uşaqlarda bu borular qısa olur. Bunun nəticəsində burun-udlaq infeksiyaları asanlıqla orta qulağa keçərək otitin (orta qulağın iltihabı) yaranmasına səbəb ola bilər. Belə infeksiyalaşma udma, asqırma zamanı və ya sadəcə, zökəm zamanı boruya daxil ola bilər. Buna görə də orta qulağın iltihab xəstəliklərinin profilaktikası, əsasən burun-udlaqda baş verən bütün infeksiyaların diqqətlə müalicəsindən ibarətdir.