Doğru danışanlarla birgə olmalı


Digərləri 30 May 2019 22:20:00 215 0

Doğru danışanlarla birgə olmalı

İslam elə bir mübarək dindir ki, insanları düzlüyə və düz danışmağa dəvət edər. Quranda buna aid çox sayda ayə vardır. "Allah buyurar: "Bu doğruçulara (əqidə, danışıq və əməldəki) düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər vardır, orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!"". ("Maidə" 119).

"Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir)". ("Tövbə" 119).

"Və de: "Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!"". ("İsra" 80).

İslam Peyğəmbəri (s) düzlük haqqında belə buyurmuşdur: "Çoxlu namaz qılmağa və saysız-hesabsız oruc tutmağa, çoxlu həccə getməyə, bir neçə yaxşılıq etməyə və gecələri zikr üçün oyaq qalmağa çox nəzər salmayın. Ancaq daha çox düz danışmağa və əmanətdarlığa qarşı dürüst olmağa diqqət edin".

Deməli, bu ayə və hədislərdən görmək olur ki, kamil imanın nişanəsi - həmin düz danışmaqdır. İmam Sadiq (ə) buyurur: "Namaz qılmağınızın və oruc tutmağınızın tələsinə düşməyin. Ancaq onları düz danışmaqda və əmanətdarlıqla imtahana çəkin".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Allah Peyğəmbəri (s) düz danışmağa və əmanətə xəyanət etməmək üçün göndərmişdir".

Bir nəfər fəzilət əldə etmək üçün beşinci İmam Həzrət Muhəmməd Baqirin (ə) yanına gəlir. İmam (ə) ilk dərs olaraq, buyurur: "Düzlüyü, danışmaqdan əvvəl öyrənin".

İmam Sadiq (ə) dostlarından birinə belə bir müraciət göndərir. "Nəzərə al ki, Əli, Rəsullahın yanında nəyin nəticəsində bu qurb və məqama çatmışdır? Əli bu məqama düzlük və düzlük nəticəsində çatmışdır".

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, o kəs ki, düz danışar - düzgün iş sahibi olar. Yəni, əməli də düz olar. Altıncı İmam Həzrət Sadiq (ə) buyurur: "O kəsin ki, dili düz danışar, rəftarı pakizə olar, ya da pakizə olacaqdır".

Düzlük - yaxşılığın açarıdır. O kəs ki, bu gözəl xüsusiyyətə malikdir, onu şeytanın əlindən qoruya bilər. Ona müjdə vermək lazımdır ki, gözəl xüsusiyyətə malik bir insandır. Bu xüsusiyyət onu yaxşılar mənzilinə çatdıracaqdır. Pak danışıq pak qəlbdən qaynaqlanar və pak rəftara çevrilər.