“Sadə” zökəm


Digərləri 30 May 2019 21:35:00 231 0

“Sadə” zökəm

Zökəm - burunun selikli qişasının iltihabıdır. Zökəm istənilən soyuqdəymə xəstəliklərini, əksər uşaq infeksion xəstəliklərini müşayiət edir. Bu xəstəliklər əksər hallarda elə zökəmlə də başlayırlar.

Deməli, müalicəni vaxtında başlasaq, xəstəlik çox da ağırlaşmaz.

Çox vaxt zökəm ayaqların-pəncələrin soyuması zamanı başlayır. Buna görə də əgər uşağın ayaqları islanıbsa və ya donubsa, evə gələn kimi, onun ayaqlarını isti vanna və ya xardal vannasına qoyun.

Gecə uşağa içinə xardal tozu səpilmiş corablar geyindirin, bal əlavə edilmiş isti süd içizdirin, S vitamini verin. Vaxtında yerinə yetirilən bütün bu tədbirlər uşaqda başlana bilən zökəm və onunla bərabər kəskin respirator xəstəliklər (KRX) və digər narahatlıqların qarşısını ala bilər.

Əgər bütün bunlara baxmayaraq uşaq zökəmə tutulubsa, başlanğıcda onu təbii vasitələrlə müalicə etməyə çalışın. Burnunu çobanyastığı dəmləməsi, aloe və ya kalanxoye şirəsi, soğan suyu ilə yuyun, burnunu dəsmala bükülmüş isti qabıqlı yumurta ilə qızdırın və s.

Əgər bunlar kömək etməzsə, həkim məsləhətindən sonra ənənəvi burun damcılarına (damardaraldıcı və iltihab əleyhinə təsirə malik olan) keçin. Damcıların üzərindəki yazılara fikir verin. Onlar uşağınızın yaşına uyğun olmalıdır. Heç bir halda "böyuklər" üçün olan burun damcılarından istifadə etməyin! Bu damcıları həkim təyin etdiyi saydan və müddətdən artıq istifadə etmək olmaz. Əks halda bu, uşağın  burnunun selikli qişasının zədələnməsinə səbəb ola bilər. Burun damcıların arasında təbii tərkibli preparatlar var ki, onların istifadəsi çox yaxşı nəticə verir. Ümumiyyətlə uşaqları müalicə edərkən təbii tərkibli preparatlara üstünlük vermək daha yaxşıdır.

Burun selikli qişalarının təmizliyinə diqqət yetirmək lazımdır. Uşağın sağlamlığı üçün çox vacib olan burun tənəffüsünün pozulmaması, onun rahat nəfəs alması xəstəliyin sağalmasına və ağırlaşmamasına kömək etmiş olar.