Bahar Muradova: Azərbaycan müxtəlif xarakterli beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyin nümunəsini ortaya qoyur (VİDEO)


Digərləri 30 May 2019 20:01:00 218 0

Bahar Muradova: Azərbaycan müxtəlif xarakterli beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyin nümunəsini ortaya qoyur (VİDEO)

Xarici ölkələrdə Azərbaycan əleyhinə istifadə edilən insanların sözünü heç ailəsində eşidən yoxdur.

Bakı. Xarici ölkələrdə Azərbaycan əleyhinə istifadə edilən insanların sözünü heç ailəsində eşidən yoxdur. Bunu Milli Məclisin (MM) vitse-spikeri Bahar Muradova Trend İnformasiya Agentliyinin “Sahil Kərimli ilə müsahibə zamanı” müəllif layihəsində deyib. B.Muradova bildirib ki, Azərbaycan artıq üçüncü on ildir ki, ictimai-siyasi sabitliyin ən yüksək səviyyədə qorunub saxlandığı bir ölkədir: "Azərbaycan dünyada geostrateji cəhətdən əlverişli bir məkanda yerləşir. Buradan regional və beynəlxalq əhəmiyyətli nəqliyyat xətləri keçir. Azərbaycanın çox zəngin coğrafi-iqtisadi resursları var. Ölkəmiz müstəqilliyin ilk illərindən daim digər dövlətlərin, o cümlədən beynəlxalq qurumların diqqətində olub və hər kəs burada müəyyən təsir dairəsinə malik olmaq istəyib. Azərbaycan bu maraqların kəsişməsində yerləşir. Dünya bu cür maraqları irəli aparmaq istəyən çoxsaylı dairələrlə zəngindir. Üstəlik, bu dairələrin maraqlarının reallaşdırılması yolunda istifadə olunan vasitələr mövcuddur. Bu vasitələrdən biri Ermənistan və onun beynəlxalq aləmdə, digər ölkələrdə formalaşmış diasporasıdır". Vitse-spikerin sözlərinə görə, bəzi dairələr Azərbaycanı inkişaf edən, ictimai-siyasi sabitliyini qoruyan bir ölkə kimi görmək istəmirlər: "Bu dairələr həm idarəedici, həm də alət rolunda çıxış edirlər. Azərbaycan bunları təbii qəbul edir və müqavimət hissini getdikcə artırır. Amma bu dairələrin içərisində öz soydaşlarımızın alət rolunda yer almasını qəbul etmək mümkün deyil. Onlar Azərbaycanda öz siyasi ambisiyalarını və maraqlarını reallaşdıra bilməyən, vətəndaşları arxasınca apara bilməyənlərdir. Bu qüvvələr artıq Azərbaycanda fəaliyyət sahəsinə malik olmayacaqlarını dərindən anlayır, dövlət başçısının ölkəni inkişafa aparan siyasətini gözdən salmağa çalışırlar. Beynəlxalq dairələr Azərbaycan əleyhinə istifadə etmək üçün elə şəxsləri seçir ki, onların sözünü heç ailəsində eşidən yoxdur. Bu şəxslər bir müddət vasitə kimi istifadə edildikdən sonra yararsız bir əşya kimi kənara atılır. Hesab edirəm ki, bütün bunlar bizi narahat etməməlidir. Gəncləri Azırbaycan əleyhinə olan dairələrin təsiri altına düşməkdən qorumaq istiqamətində səylərimizi artırmalıyıq. Hər bir valideyn öz övladını Azərbaycanın maraqları uğrunda müdafiəyə hazırlamalı və onun dövlət əleyhinə çıxmağına imkan verməməlidir. Hesab edirəm ki, burda ailələrdən çox şey asılıdır". B.Muradova vurğulayıb ki, Azərbaycan əleyhinə istifadə olunan qüvvələr çox ciddi qınaq altındadır: "Mən heç kəsə, hətta düşmənimə də bu vəziyyətə düşməyi arzulamazdım. Onların bəzilərinin Azərbaycan haqqında daxili hiss-həyəcanla yazılarının şahidi oluruq. Bu insanlar sanki düşüncələrində kiçik bir Azərbaycan gəzdirirlər. Hesab edirəm ki, daxilində mifik Azərbaycan gəzdirməkdənsə, ölkəyə qayıdaraq, günahlarını etiraf edərək ümumi inkişafın axarına qoşulmaq lazımdır". Milli Məclis rəsmisi əlavə edib ki, Azərbaycan yüksək səviyyədə beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Bizdən sonra bu tədbirləri keçirən ölkələrin rəhbərləri açıq şəkildə etiraf edirlər ki, Azərbaycanın standartlarını təkrarlaya bilməyəcəklər. Bu, qürur hissi doğurur. Azərbaycan müxtəlif xarakterli beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyin nümunəsini ortaya qoyur. Bu tədbirlər xarici dairələrin təsiri və Azərbaycan əleyhinə aparılan təbliğatın müşayiəti ilə keçirilir. Azərbaycanda Birinci Avropa Oyunları, İslam Həmrəylik Oyunları keçirilən zaman burada tikilən müasir memarlıq nümunələrinin çökəcəyini, dağılacağını bəyan edənlər var idi. Həmin binalar neçə illərdir çox möhkəm şəkildə dayanıb və Azərbaycanın müasir memarlıq rəmzinə çevrilib. İnkişafı gözü götürməmək və qara yaxmaq xəbis niyyətlərdən xəbər verir. Bütün təzyiq və qarayaxmalar Azərbaycanın müqavimət gücünü artırır. Biz bu yolla inadla davam etməkdəyik. Həyata keçirilən layihələr Azərbaycanı dinamik inkişafa aparır və ölkəmizin bunları digər dövlətlərdən daha yaxşı həyata keçirdiyi aşkardır. Azərbaycan xalqı da bu tədbirlərin böyük iştirakçısına çevrilir. Azərbaycana gələn turistlər, tədbir iştirakçıları, idmançılar, iqtisadçılar, biznesmenlər, siyasətçilər , xarici dövlətlərin keçmiş və indiki rəhbərləri, bir sözlər hər kəs ölkəmizin uğurundan danışır. Bir çox beynəlxalq təşkilatlar öz tədbirlərinin Azərbaycanda keçirilməsinə məmnuniyyətlə qərar verirlər". B.Muradova UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunundan da danışıb. O deyib ki, möhtəşəm idman yarışının Azərbaycanda keçirilməsi üçün bütün hazırlıq işləri görülüb: "Bütün sahələrdə olduğu kimi, idman sahəsində də Azərbaycan özünü sübut etməkdədir. Futbol həyəcanı və sevincini yaşamaq istəyən oyunçuları, tamaşaçıları çox məmnuniyyətlə qəbul edəcəyik". Vitse-spikerin fikrincə, Azərbaycanın inkişafını təmin edən, tənzimləyici rolunu sübut edən müxtəlif layihələr var: "Nəqliyyat, enerji və sosial xidmət sahələrində ortaya qoyulan layihələr bir çox dünya ölkələrini Azərbaycanda bir araya gətirir. Əməliyyat şirkətləri yaradılır. Onlar ən yüksək standartlarla bu layihələri icra edirlər. Bu layihələr uğurlu şəkildə reallaşdıqca Azərbaycanda həm bu sahələr inkişaf edir, həm də aparıcı ölkəyə çevrilirik. Avropadan Çinə qədər uzanan qədim İpək yolunun bərpası və işə düşməsi üçün reallaşdırılan nəqliyyat layihələri bunu sübut edir. Həm dəniz, həm də quru yolu vasitəsilə Azərbaycanın bu proseslərdə rolu getdikcə artmaqdadır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin