Şəkidə “KOB Dostu” fəaliyyətə başlayıb


Digərləri 30 May 2019 17:19:00 239 0

Şəkidə “KOB Dostu” fəaliyyətə başlayıb

Mayın 30-da Şəki şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Kiçik və Orta Biznesin Dostu" ("KOB Dostu") fəaliyyətə başlayıb.

Son.az bildirir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, bununla da Şəki-Zaqatala iqtisadi rayonu üzrə Qəbələ və Şəki şəhərlərində olmaqla KOB dostlarının sayı 2-yə çatıb.

Bununla əlaqədar Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının və Şəki-Zaqatala iqtisadi rayonu üzrə fəaliyyət göstərən sahibkarların iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkə başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı, Şəki-Zaqatala iqtisadi rayonunda, xüsusilə Şəki şəhərində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə danışıb, "KOB Dostu" mexanizminin sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara böyük dəstək olacağını qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Agentliyin fəaliyyəti və "KOB Dostu" mexanizmi barədə məlumat verib, Azərbaycan Respublikası Prezidentinin "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" strateji xəttinə uyğun olaraq, "KOB Dostu" mexanizminin dövlət-sahibkar əməkdaşlıq platforması əsasında formalaşan mühüm layihələrdən olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, "KOB Dostu" fəaliyyət göstərdiyi şəhər və rayonlarda mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılmasına, yeni KOB subyektlərinin yaradılması və inkişafına, eləcə də KOB-ların hüquqlarının müdafiəsinə dəstək göstərir.


Xəbərə aid fotolar