Hesablama Palatasının fəaliyyəti genişləndirilir - Milli Məclis təsdiq etdi


Digərləri 30 May 2019 12:55:00 160 0

Hesablama Palatasının fəaliyyəti genişləndirilir - Milli Məclis təsdiq etdi

Azərbaycanda kommersiya və ya vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda kommersiya və ya vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək. Trend-in məlumatına görə, bununla əlaqədar Vergi Məcəlləsinə, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi təklif olunur. Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan dəyişikliklərdə vergi ödəyiciləri haqqında məlumatın verilə biləcəyi orqanların sayı artırılıb. Təkliflərdə Hesablama Palatasının öz vəzifələrinin həyata keçirməsi məqsədilə həmin məlumatların bu quruma da təqdim edilməsi nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklərdə isə Hesablama Palatasının öz fəaliyyətini daha da gücləndirməsi üçün adiyyati qurumların inzibati məsuliyyəti gücləndirilib və baş verən xətalara görə cərimələr müəyyən edilib. Bu inzibati məsuliyyətin olması həmin orqanların öz üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə icra etməsinə və Hesablama Palatasının fəaliyyətinin güclənməsinə imkan yaradacaq.