Uduzmuşların Novxanı matəmi:


Siyasət 30 May 2019 11:59:00 212 0

Uduzmuşların Novxanı matəmi:

Cumhuriyyət dəyərlərinə, "Millət ataları"na sayğıdan danışanların sayğısız davranıb dəyərsiz olduqlarını göstərmələri yenilik deyil.

Yeni olan bu adamların Azərbaycan Demokratik Respublikasının 101-ci ildönümündə Bakıda qarğaşa yaratmaq istəklərinin bütünlüklə xaricdən idarə olunması idi.

Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçiriblər.

Hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər iştirak edib. Milli Şuranın keçirdiyi aksiyada isə Milli Şura Koordinasiya Şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.

Demişdik və bir daha yazırıq: Novxanıda, Azərbaycan Cumhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin abidəsi qarşısına toplaşaraq siyasi aksiya tövründə anım günü yapmaqla məşğul olmuş Əli Kərimli özünə ürək-dirək verir.

Tərəfdarlarını inandırmağa çalışır ki, cürətlidir, qorxmazdır, mətindir, iradəlidir və ən nəhayət, qətiyyətlidir. Ki, əksi olardısa, Novxanıya yollanmaz, orada nitq irad etmək fikrinə düşməzdi.

"Qısqanırlar", "zor tətbiq etməkdən çəkinəcəklər", "inadına toplaşaq" - bütün bunlar ötən əsrin əvvəllərində Bakıdakı Realnı Məktəbin şagirdinin "Füyuzat" və ya "Şərqi-Rus" qəzetinə yolladığı "cəridəyə ərzi-hal" naməsindəki bihal cəsarətə bənzəyir.

Heyhat, Əli Kərimlini pərişan və rəncidə etməliyik.

Onun "rejim" adlandırdığı dövlət bir dəstə siyasi fəalın və onları idarə etdiklərini düşünən özüyeriyən karikaturaların aksiyasından təşvişə düşəcək qədər zəif deyil.

Əsla. Tam əksinə, AXCP bloqer sədrinin, Müsavatın təsərrüfat müdirinin, "Milli Şura"nın salnaməçi ağsaqqalının və qeyri siyasi panoptikum eksponatlarının bir yerə cəmləşərək nəsə etməyə çalışmaları ilk əvvəl Novxanı, sonra da Bakı sakinləri üçün maraqlı, ən əsası isə pulsuz əyləncədir.

Çünki...

Azərbaycan müxalifətində özünü lider sayanların davranışında məntiq axtarmaq mənasız işdir. Bu iş sizi yora bilər. Çünki aranan o məntiq yoxdur. Nə baş verirsə - realdır. Baş verməsinə ümid etdiyiniz, yaşanacağını gözlədiyinizsə - real deyil. Azərbaycandakı vəziyyət, yaşamınız yox, öz dəyərlər sisteminiz və gözləntiləriniz sizi pərişan edəcək. Problem bizdə və ya siyasətdə yox, siyasətdə olduqlarını düşünən insanların davranışlarına hələ də inanan insanların növbəti dəfə aldanmalarını asanlıqla həzm etməsindədir.

Novxanıya yollanan, İslam dini ilə pərdələnib Əli Kərimlinin vədlərinə inandıqlarını göstərməyə çalışan, əslindəsə AXCP və "Milli Şura" ilə müttəfiqlik vasitəsilə dünyəvilik görüntüsü əldə etməyə çalışan "islamçılar" üçün də çətin, belə olsun.

Onlar üçün Rəsulzadə, sadəcə, toplantı səbəbkarı, yürüş vəsiləsi, hakimiyyətin ünvanına hədələr və nifrinlər yağdırmağa "məntiqli" dəstəvuzdur.

Ən başlıca səbəb o ki, Əli Kərimli ilə bahəm, "Meydan TV" və xarici ölkələrə sığınıb, sğıınacaq üçün yaxalarına qəsəm edənlər, "müstəqil" olduqlarını deyib akvarium balığı azadlığından qətiyyətlərini ərşə dayadanlar tam iki həftə idi ki, sosial şəbəkələrdə "səfərbərlik"lə məşğuldular.

Onlar mayın 28-də  Novxanıda "möhtəşəm aksiya" düzənləyəcəklərini, oraya on minlərlə "Rəsulzadə sevər"in toplaşacağını deyirdilər.

Halbuki srağagün Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə "Milli Şura" və Müsavatın iki aksiyasında cəmi 550 nəfər vardı.

"Milli Şura"nın yürüşündə ilk əvvəl AXCP sədri Əli Kərimli və "Milli Şura"nın isterik lideri, özünə müxalifətə başlamış müxalifətin lisenziyalı "Dədə Qorqud"una döndərilmiş Cəmil Həsənli şəstlə gəldilər.

Sosial şəbəkələrdə az qala akrobatik hərəkətlər icra edərək "milyonların dəstəyi"indən bəhs edən, "Xalq oyanıb!" yazıb "emocilər" sıralamasında "Hurrey!" arayan, tapmayanda ruhdan düşməyib səfdaşlarını "layklayanlar" vəcdə gəlmişdilər.

Bəs nə - Novxanını indiyədək misli görünməmiş siyasi aksiya gözləyirdi, sən demə.

Əslində isə  aksiyanın "animator"luğunu Əli Kərimli etdiyindən, onun yanvarın 20-də Şəhidlər Xiyabanında reallaşdırdığı "say artırma" cəhdinin yenidən təkrarlanacağı, sosial şəbəkələrdə sonradan "mənimlə gələn on minlərlə insanın qarşısını belə aldılar" tipli əl-qol ölçməli izahatlar bugünkü yürüşün nə olacağını tam təxminləməyə imkan verirdi.

Tamam, gərçi Əli Kərimli belə "lider"dirsə, bəs onda nədən Novxanıya on minlərlə insan axışmadı?! Bu insan seli olsaydı, vətəndaşlarımızın qarşısını kim kəsə bilərdi ki?!

Və ya ötənilki, inişilki "Novxanı yürüş"lərində həmin sayda iştirakçı olub?!

Olmayıb və AXCP, Müsavat və "Milli Şura" təki kvazipartiyaların yeni açıqlamaları ilə bəyanatları ən yaxşı halda illüziyalarla arzular toplusu idi.

Effektiv siyasət, real müxalifətçilik belə olmur, cənablar.

Struktur islahatları çərçivəsində qəbul edilmiş son qərarları isə 19 yanvar mitinqinin "effekti" kimi dəyərləndirmək isə, ümumiyyətlə, siyasi şarlatanlıqdır.

Halbuki Azərbaycanın gerçək, normal müxalifətə ciddi ehtiyacı var.

Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli, Nurəddin Məmmədli, Gültəkin Hacıbəyli təki uğursuz, nüfuzlarını tamamən itirmiş, reallıqla virtuallığı səhv salmış zatlar olmadan.

Ən əsası isə odur ki, Rəsulzadənin abidəsi önünə yığışanlar yürüş, anım tədbiri yox, məhz aksiya keçirmək istəyirdilər. Onlar polislə qarşıdurma arzusunda idilər.

Əli Kərimlinin sonradan Facebook-da paylaşdıqları "ziqiymət" açıqlamalarında o, gah "Bizə mane olmaq, çıxışıma yol verməmək üçün dörd dəfə elektriki kəsdilər", "Polislər bizi üzük qaşı kimi həlqəyə almışdılar", "Günahsız insanları amansızlıqla döydülər", "Həmişəki kimi, azğınlıq və vəhşiliklə qarşılaşdıq"...

İllərdən, onillərdən bəri dəyişməyən ifadələr, klişeyə dönmüş sözlər, iddialar, bəlağət. Ambisiyaların real imkanlardan, arzuların gerçəkdən dəfələrlə böyük olduğunu göstərən cığallıq və zavallılıq nişanələri.

Üstəlik, əvvəlki illərdən də bərbad durumdadır Arif Hacılı, Əli Kərimli və Cəmil Həsənli. Gərçi "Məhsul" stadionundakı mitinqlərdə fotoqrafların manipulyasiyaları, sonradan fotolarda montaj və fotoşop vasitəsilə "izdiham" görüntüsü yaratmaq cəhdləri vardısa, mayın 28-də Novxanıdakı aksiyalarda həmin fəndləri gerçəkləşdirmək mümkün olmadı.

Çarə qalmışdı provokasiyalara.

Məsələn, Azərbaycan bayrağının polislə qarşıdurmada yerə düşməsi əvvəlcədən hazırlanmış əməl təsiri bağışladı. Nədən ki, bayrağı tutan da azərbaycanlı idi, qışqırıb polisi təbdən çıxarmağa çalışanın önünü kəsib Qanunun oradakı nümayəndəsi olan asayiş keşikçisi də.

Ətrafa yığışan kameralılar bağırışdılar, fotolar və video çəkməyə başladılar.

Ki, "Azərbaycan bayrağına polis sayğısızlıq etdi, aman, qoymayın!" Halonki sayğısızlıq edən, bayrağa sayğısız davranan qarşı tərəfdi - qışqıran, təxribatı gerçəkləşdirmək istəyən.

Aksiyalardan sonra Əli Kərimlinin trolları sosial şəbəkələrdə həmişəki amplualarına sadiq qalaraq ən bəsit və yöndəmsiz yollara əl atıblar.

Polislərin fotoları paylaşıldı, onlar aşağılandı. Hətta bir-iki trol daha da "irəli" gedərək Türkiyə fotoqrafının çəkdiyi fotonu "Novxanıdakı aksiyadan kadr" kimi yaydılar.

Yenə yalan, yenə puç iddialar və yenə də olduğundan ağıllı, qətiyyətli, təşkilatlanmış görünmək istəyən sistemsiz müxalifətin sistemli böhtanları.

Mayın 29-da Bakıda Avroliqanın final matçı oynandı və bu, futbol azarkeşləri ilə bahəm, Cumhuriyyətimizə də hədiyyə oldu.

Ötən ilin mayın 20-də başlayıb mayın 28-də başa çatan və Naxçıvanda 11 min hektar ərazimizin düşmən tapdağından azad olunması ilə müqayisədə kiçik olsa da, hər ikisi zəfər idi.

Naxçıvanda bayrağımız erməni işğalçılarının qovulduğu torpaqlarda dalğalandısa, dünən Bakı Olimpiya Stadionundakı şərəfli bayrağımızı bütün dünya bir daha gördü.

Gördü və anladı ki, xaricdəki düşmənlərin cəhdlərinə, bu düşmənlərin Azərbaycandakı buyruq qullarının və marionetkalarının bütün çirkinliklərinə rəğmən Bakı vədinə xilaf çıxmır - əksinə, vəddən də möhtəşəm davranır.

"Arsenal"ın erməni yarımmüdafiəçisi Herix Mxitaryan "Bakıda təhlükəsizliyim təmin olunmayacaq" demişdi.

Əli Kərimli isə Novxanıda "polislər aqressiv davranır və bu, vətəndaşlarımızın haqlarının, canlarının təhlükədə olduğunu göstərir" dedi.

Deyilənlər arasındakı oxşarlığı özünüz bəlirləyin....

Elçin Alıoğlu Son.az