Xalq rəssamı Əşrəf Heybətov: "Çalışıram elə məkanlarda sərgilər açım ki, orada hələ bizim rəssamların əsərləri nümayiş edilməyib"


Kriminal 30 May 2019 09:57:00 235 0

Xalq rəssamı Əşrəf Heybətov: "Çalışıram elə məkanlarda sərgilər açım ki, orada hələ bizim rəssamların əsərləri nümayiş edilməyib"

YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. 2006-cı il martın 13-də Prezident İlham Əliyevin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunub, 2018-ci il mayın 27-də isə Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülüb.

Onun yaradıcılığının əsas mövzusu Azərbaycan və xalqın milli adət-ənənələridir. Odur ki, rəssam mədəniyyət və incəsənətimizi dünyada tanıdır. Əslən içərişəhərli olan Ə.Heybətov öz əsərlərinin çoxunda Bakının bu qədim hissəsindəki doğma dar küçələri təsvir edib. Almaniyanın Koblents şəhərində yaşayan həmyerlimiz rəssamlıq sənətindən həm də təbliğat vasitəsi kimi istifadə edir.

Son.az bildirir ki, Xalq rəssamı Əşrəf Heybətovun "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə dediyinə görə, onun əsərləri beynəlxalq təşkilatların təşkil etdiyi tədbirlərdə sərgilənir:

"Mənim əsərlərim BMT, Avropa Şurası, NATO, Vatikanda təşkil olunan tədbirlərdə nümayiş edilir. Müsəlman ölkəsindən olan yeganə rəssamam ki, Vatikanda sərgim açılıb. Konrad Adenauer Fondunda sərgim olub. Missiyam Azərbaycanı təbliğ etməkdir. Bu, Əşrəf Heybətovun deyil, Azərbaycan rəssamının sərgiləridir. Çalışıram elə məkanlarda sərgilər açım ki, orada hələ bizim rəssamların əsərləri nümayiş edilməyib. Məsələn, Malta, Palermo və Lixtenşteyn knyazlığında sərgilərim təşkil olunub. Həmin tədbirlərdə Azərbaycan bayrağı qoyulur, musiqimiz səslənir".