Bakıda yol polisini öldürməyə cəhd edən şəxslərin məhkəməsi başladı
Kriminal 29 May 2019 21:09:00 215 0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elman Sadıxov və Elçin İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Son.az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı iyunun 3-nə təyin edilib.
İttihama görə, ötən il iyunun 14-də Maştağa qəsəbəsində təqsirləndirilən şəxslər Dövlət Yol Polisi əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb.
E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib. Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər. Həmin şəxslər daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyəsindən vurublar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.