5 milyard 551 milyon manatı cinayət yolu ilə ölkədən çıxaran şəxslər məhkəmədə


Kriminal 29 May 2019 18:14:00 262 0

5 milyard 551 milyon manatı cinayət yolu ilə ölkədən çıxaran şəxslər məhkəmədə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.

İttiham aktına əsasən, "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu "AGbank"ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.

R.Vəliyev görüşdə özünü "Provision Group", "İmpeks+", "Blast", "Qalaksi A", "Asin Co. LTD", "Primo A" və "İTEK" MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün "AGbank"ın Xətai filialında otaq ayırıb.

M.Əliyev "Royalbank"da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib.

R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardınca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb.

Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər.