Azərbaycanda kriminal aləm üzvləri biznesmeni oğurlayıb soyundurdular


Kriminal 28 May 2019 16:10:00 246 0

Azərbaycanda kriminal aləm üzvləri biznesmeni oğurlayıb soyundurdular

Xırdalan şəhərində biznesmenin oğurlanaraq öldürülməsi hadisəsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində daha 4 nəfər mühakimə ediləcək. 

Son.az News24.az-a istinadən bildirir ki, bir müddət əvvəl iş adamı Valeh Nəcəfovun güllələnərək öldürülməsi hadisəsi ilə bağlı açılan cinayət işinin məhkəməsində icraatı ayrılan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Qəhrəmani Bəşir Firuz oğlu, Həsənov İlham Əli oğlu, Qasımov Miskin Nəsir oğlu və Qurbanov Rəşad Əliağa oğlunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrliyi ilə baxılacaq.

Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Xırdalandakı qətldə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar, Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi artıq başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Xəyal Paşayev 19 il, Kənan Həsənov 18 il, Bilal Bayramov 18 il, Allahverdi Ruszpeykar 13 il, Məhəmməd Əhmədov isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Xəyal Paşayev bir qrup şəxslə birləşərək özgənin əmlakı ələ keçirməyi planlaşdırıb.

Qeyd edilir ki, Xəyal Paşayev bir qrup şəxslə İran vətəndaşı Bəşir Qəhramaninin şəriki olmuş Valeh Nəcəfovu oğurlayaraq onu hədələyiblər. Məqsəd Nəcəfovun Bəşir Qəhramaniyə olan 31 min dollar pulunu geri qaytarmasını tələb etmək olub. Onlar Nəcəfovu oğurlayaraq Manqal restoranına gətiriblər. Orada onu soyunduraraq döyüblər.