Əksər çaylarda sululuq artıb


Digərləri 28 May 2019 10:03:00 202 0

Əksər çaylarda sululuq artıb

Çaylarda sululuq səviyyəsi dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, ötən günlər ərzində yağan yağış, bəzi yerlərdə lokal leysan xarakterli olması nəticəsində əksər çaylarda sululuq artıb, Gorançay çayında isə qısamüddətli daşqın qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az olmaqla 60-70, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 70-120 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, mayın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 435 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 63 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 297 m3/s olmaqla, ongünlük normadan az olub.

Mayın 27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 64 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 95 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 322 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 96 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 201 m3/s təşkil etməklə ongünlük normadan az olub.