Beynəlxalq Muğam Mərkəzi Seyid Şuşinskinin 130 illik yubileyini qeyd edəcək


Digərləri 27 May 2019 22:40:00 180 0

Beynəlxalq Muğam Mərkəzi Seyid Şuşinskinin 130 illik yubileyini qeyd edəcək

Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Bakı. Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan xanəndəlik məktəbinin bənzərsiz simalarından biri, Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirəcək. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbir Prezident İlham Əliyevin görkəmli xanəndənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı 4 fevral 2019-cu il tarixli Sərəncamına əsasən reallaşacaq. Mədəniyyət Nazirliyi və İctimai Televiziyanın dəstəyi ilə gerçəkləşəcək yubiley gecəsində Seyid Şuşinskinin bənzərsiz sənət dünyasından söz açılacaq, muğam ustadları sənətkarla bağlı xatirələrini bölüşəcəklər. Tədbirdə həmçinin tanınmış xanəndələrin ifasında muğam dəstgahları səsləndiriləcək. Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb. Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib. Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.