Gəncə avtomobil zavodu kənd təsərrüfatı texnikası yarmarkalarında iştirak edir


Digərləri 27 May 2019 20:39:00 197 0

Gəncə avtomobil zavodu kənd təsərrüfatı texnikası yarmarkalarında iştirak edir

Gəncə avtomobil zavodu İstehsalat Birliyi Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi kənd təsərrüfatı texnikası yarmarkalarında müxtəlif markalı traktorlarla iştirak edir.

Bakı. Gəncə avtomobil zavodu İstehsalat Birliyi Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi kənd təsərrüfatı texnikası yarmarkalarında müxtəlif markalı traktorlarla iştirak edir. Bu barədə Trend-ə müəssisənin direktoru Kamran Nəzərov bildirib. Onun sözlərinə görə, Şəmkir rayonundan sonra, Bərdədə, Şəki rayonunda fermer və sahibkarlara öz məhsullarını nümayiş etdirən müəssisə hazırda Ucar rayonunda yarmarkaya hazırlaşır: “Gəncə avtomobil zavodu İB Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bu yarmarkalarda müxtəlif modeldə traktorlar və digər kənd təsərrüfatı texnikaları nümayiş etdirir. Fermer və sahibkarlar yığdığımız texnikalarla yaxından maraqlanırlar. Əsas diqqət isə Azərbaycanda bir ilk olan Belarus 3522 markalı traktoradır. Öz texniki göstəriciləri ilə digər traktorlardan fərqlənən bu texnika fermerlər və iş adamları tərəfindən yüksək diqqətlə qarşılanıb. Əməkdaşlarımız geniş çeşiddə olan traktorlar haqqında, onların texniki göstəriciləri barədə sərgi iştirakçılarına məlumatlar verirlər. Ümidvarıq ki, belə sərgilər istehsal etdiyimiz texnikaların yerlərdə fermerlərə tanıtmaqda və onlarla birbaşa ünsiyyətdə olmaqla satışına yardımçı olacaq, bu isə öz növbəsində zavodun istehsal göstəricilərinə müsbət təsir edəcək".