Prezident İlham Əliyev: "Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır"


Siyasət 27 May 2019 17:48:00 238 0

Prezident İlham Əliyev: "Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır"

"Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında deyib.

Prezident İlham Əliyev deyib ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyə qovuşdu və əlbəttə ki, XX əsrdə ikinci şans yarandı. Ancaq əfsuslar olsun ki, ölkədə gedən xoşagəlməz proseslər imkan vermirdi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayana bilsin, öz müstəqil siyasətini apara bilsin və xalqın maraqlarını doğrulda bilsin: "Çox ağır, faciəvi illər idi. 1992-ci ildə AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edim ki, AXC-Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi.

1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi".

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır:

"Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik.

Ölkəmizin hərbi qüdrəti güclənir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır".