"Diri Baba" türbəsi bərpa olunacaq (FOTO)


Digərləri 27 May 2019 11:41:00 221 0

"Diri Baba" türbəsi bərpa olunacaq (FOTO)

Mədəniyyət naziri Əbülfəs Qarayev "Diri Baba" türbəsindəki vəziyyətlə tanış olub.

Bakı. Ceyhun Ələkbərov - Mədəniyyət naziri Əbülfəs Qarayev "Diri Baba" türbəsindəki vəziyyətlə tanış olub. Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat veriblər. Mayın 24-də Mədəniyyət naziri Əbülfəs Qarayev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan rayonu ərazisində yerləşən "Diri Baba" türbəsində olublar. Türbənin hazırkı vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, türbə həm yerli sakinlərin, həm də turistlərin mütəmadi ziyarət etdiyi məkanlardan biridir. "Diri Baba" türbəsində ötən ilin fevral ayında naməlum şəxslər tərəfindən yanğın törədilib. Abidənin şəbəkə formasında olan pəncərələrinin bir hissəsi dağıdılıb, türbəyə ciddi ziyan vurulub. Əbülfəs Qarayev "Diri Baba" türbəsinin tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. Türbənin abidə mühafizəçiləri tərəfindən daim nəzarət olunması və digər məsələlər barədə tapşırıq və tövsiyələrini verib.