Orucun fəziləti haqqında


Digərləri 26 May 2019 21:15:00 243 0

Orucun fəziləti haqqında

Hz. Əbu Hüreyrədən (r.a.): - "Əziz və Cəlil olan Allah "İnsanın orucdan başqa digər əməlləri özü üçündür. Oruc mənim üçündür, mükafatını da mən verəcəyəm" buyurmuşdur". - "Oruc qalxandır. Oruc tutduğunuz gün pis söz söyləməyin və mübahisə etməyin. Əgər kimsə sizi mübahisəyə cəlb edərsə, "mən orucluyam" deyərək oradan uzaqlaşın". - "Məhəmmədin canı qüdrət əlində olan Allaha and olsun ki, oruclunun ağız qoxusu Allah qatında misk qoxusundan daha gözəldir". - "Oruclunun iki sevinc anı var: biri iftar etdiyi an, digəri orucunun savabının Rəbbinə qovuşduğu an".

Açıqlama: Sadalanan hədislər orucun digər ibadətlərdən fərqli yönlərini diqqətə çatdırılmaqdadır. Bu yönlərdən biri orucun sırf Allah rizası üçün tutulmasıdır. Yəni oruclu büruzə vermədiyi vaxt ərzində heç kim onun oruc tutduğunu bilməməlidir. Bu mənada oruc riyakarlıqdan daha çox uzaq ibadətdir. Çünki orucun digər ibadətlər kimi gözlə görünən icra tərzi yoxdur. Digər tərəfdən, müşriklərin öz tanrılarına ibadətləri arasında oruc yoxdur. Yəni heç bir büdpərəst oruc tutaraq bütlərə sitayiş etməyib. Bu isə orucun mömin insanın Yaradıcısına olan səmimi ibadətinin təzahürü olduğunun sübutudur. Orucun digər ibadətlərdən başqa bir fərqi mükafatının çox yüksək olmasıdır. Həm də bu mükafatın bilavasitə Allah (c.c.) tərəfindən verilməsi mükafatın dəyərini artıran amillərdəndir.   Son.az yeniavaz.az-a istinadən bildirir ki, orucun digər xüsusiyyəti oruclu insanın davranış və hərəkətləri ilə bağlıdır. Bu məqamda oruclu insanın başqa insanlara qarşı daha nəzakətli və mehriban davranması lazımdır. Hətta ona qarşı mehribansızlıq olsa belə, o, yenə də nəzakətindən qaçmamalı və "mən orucluyam" deyərək oradan uzaqlaşmalıdır. Oruc tutan insanın ağzında, xüsusilə də uzun yay günlərində, aclıq səbəbindən müəyyən qoxu meydana gəlir. Bu qoxu Allah qatında insanlar üçün ən gözəl qoxu kimi bilinən miskdən daha gözəldir. Ancaq bu da bir həqiqətdir ki, fırça və ya misvaq ilə bu qoxunun ağızdan təmizlənməsi həmin savabı azaltmır. İftar və savabın Allah qatına çatması anlarındakı iki sevinc... Bunlardan birincisi maddi və fani, digəri isə mənəvi və əbədidir. Bu sevinc anları yalnız oruclu insana məxsusdur. Oruc tutan insanın iftar anında duyduğu rahatlıq nə qədər realdırsa, oruclunun Allaha qovuşduğu andakı rahatlıq da o qədər gerçəkdir. Hədislərdən çıxardığımız nəticələr: 1- Allahın (c.c.) "mükafatını mən verəcəyəm" buyurduğu yeganə ibadət orucdur; 2- Allah (c.c.) üçün edilən heç bir fədakarlıq və əməl qarşılıqsız qalmaz; 3- Oruclu "günahlara və cəhənnəm əzabına qarşı zireh geyinmiş insan" deməkdir. Çünki "oruc qalxandır" buyurulub.

"Ey iman edənlər! Sizdən öncəkilərə fərz qılındığı kimi, sizin üzərinizdə də oruc fərz qılındı, ta ki qorunasınız". (Bəqərə, 183)     Oruc: Niyyət etməklə, imsaq vaxtından iftar vaxtına qədər yeməkdən, içməkdən və cinsi əlaqədən uzaq duraraq yerinə yetirilən bir ibadətdir.     İMSAQ: Sabah namazının başlanma vaxtıdır. Yəni orucun başlandığı vaxtdır.     SAHUR: Sübh namazının vaxtı girməzdən əvvəl yeyilən yeməkdir. Peygəmbərimiz (s.ə.s.): "Sahur yeməyi yeyin. Çünki Sahur yeməyində bərəkət vardır" buyurmuşdur.     İFTAR: Orucun açıldığı vaxtdır. Eyni zamanda axşam namazının başlanma vaxtıdır. İftar zamanı gəlmişsə və əgər əlinizdə çox gərəkli işiniz varsa, bir qurtum su ilə də olsa, orucunuzu açın. Ümumiyyətlə, orucu iftardan sonraya saxlamaq məsləhət görülmür.     İFTAR DUASI: "Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, sənə güvəndim. Sənin nemətlərinlə orucumu açdım və sabahkı Ramazan orucuna da niyyət etdim. Mənim keçmiş və gələcək günahlarımı bağışla!" Amin.

"Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar". (Hədisi-Şərif)