"Bizim kənddə 14 yaşında nişanlanmadınsa, evdə qaldın deməkdir”


Digərləri 26 May 2019 20:45:00 237 0

"Bizim kənddə 14 yaşında nişanlanmadınsa, evdə qaldın deməkdir”

Erkən nikah fizioloji, psixoloji cəhətdən evlilik, uşaq doğma və bu məsuliyyəti daşımağa hazır olmadan, 18 yaşı tamamlanmadan nikaha daxil olmaq kimi tərif olunur. Erkən nikah hallarının olması bir sıra cəmiyyətdə olduğu kimi bizim də cəmiyyətimizin yaralı yeridir. Dünyanın bir çox yerində belə hallar olduğu üçün bu qlobal bir problemdir.

Əsasən qız uşaqları bu travma ilə üzləşir. Fərqli cəmiyyətlərdə bu proses adət ənənə, "dini referans"a əsasən həyata keçirilir. Aparılan statistikalara baxdığıqda görürük ki, ölkəmizdə hər 100 nikahdan 7-i erkən nikahdır.

Yəni 18 yaşı olmadan nikah bağlanıb ər evinə girən qızların sayı heç də az deyil. Bu hələ rəsmi statistikaya düşən rəqəmdir. İstər yaşı çatmadan evlənib 18 yaşını gözləyənlər, istər dini nikah bağlayaraq yaşı tamam olandan sonra rəsmi nikaha girənlər, hamilə olmasına baxmayaraq, həkim müayinəsindən keçməyənlər və bunun kimi fərqli hallara görə statistikaya daxil olmayanlar bu rəqəmlərin xaricindədir.

Son.az yeniavaz.az-a istinadən bildirir ki, Amma bu bir gerçəkdir ki, rəqəmlər heç də ürəkaçan deyil. İstər fərdi, istər ictimai müstəvidə ələ alınsın, erkən nikah həm ailə, həm cəmiyyət, həm insanın özü üçün ciddi problemlərə yol açır. Psixoloji və fizioloji inkişafı tamamlanmadan, özü ilə əlaqəli suallarının (şəxsiyyəti, kimliyi, həyatı mənalandırmaqla əlaqəli və sair) bitmədiyi dövrdə erkən nikahın olması istər qız uşaqlarını, istərsə də oğlan uşaqlarının qaldıra bilməyəcəkləri yükdür.

Xüsusilə qız uşaqlarında rastlanılan erkən nikahda bir sıra "evdə qalacaqsan, yaşın keçdisə sənə kimsə baxmaz, bizim kənddə 14 yaşında nişanlanmadınsa evdə qaldın deməkdir" düşüncələr aparıcı rol oynayır.

Erkən nikaha girənlərin bəziləri öz istəyi, bəziləri ailəsinin təzyiqi ilə, bəziləri ailələrinin maddi vəziyyətinə görə, bəziləri ərinin maddi cəhətdən varlı olmasına görə, bəziləri qaçırıldığına görə, bəziləri hamilə olduğuna görə, bəziləri isə ailə içində olan istismardan qaçmaq məqsədilə erkən nikaha girirlər.

Səbəb nə olarsa olsun erkən yaşda olan evliliyin nəticələri fəsadlara yol açır. Fizioloji, psixoloji və sosial tərəfdən inkişafı tamamlanmayan fərdlər çox mühim bir birlik olan ailə müəssisəsinin vəzifələrini yerinə yetirə bilmirlər.