Vardövləti ilə öyünənlərə nümunə


Digərləri 26 May 2019 20:10:00 269 0

Vardövləti ilə öyünənlərə nümunə

Qədim zamanlarda bir hökmdar var idi. Bu hökmdar çox varlı idi. O, var-dövləti ilə öyünməkdən böyük həzz alırdı. Hara getsə, öz var-dövlətindən danışırdı.

Hökmdarın ağıllı bir vəziri var idi. Böyük də, kiçik də onu çox sevirdi. Bir gün hökmdar vəziri ilə söhbət edəndə: "Sən dünyagörmüş bir adamsan. Hamının sənə böyük hörməti var. Bilmək istəyirəm, görəsən, mənim var-dövlətim haqqında nə düşünürsən?" - deyə soruşdu. Vəzir diqqətlə hökmdara baxıb dedi: "Fərz edək ki, ucsuz-bucaqsız bir səhradasınız. Susuzluq sizi əldən salıb. Hiss edirsiniz ki, artıq ölüm də çox uzaqda deyil. Bu vaxt sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?" Hökmdar: "Əlbəttə ki, verərəm", - deyə cavab verdi. Vəzir davam etdi: "Fərz edək ki, susuzluğunuz yenə artdı. Taqətdən düşdünüz. Yenə sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?". Hökmdar bir qədər fikirləşib: "Təbii ki, verərəm", - dedi.

Artıq son sözü demək vaxtı idi: "Madam ki belədir, onda bu var-dövlətlə öyünməyə dəyməz. Çünki onun qiyməti iki fincan sudan artıq deyil"...