Şeytana itaәt vә ibadәt etmәkdәn necә qurtulmaq olar?


Digərləri 26 May 2019 19:50:00 240 0

Şeytana itaәt vә ibadәt etmәkdәn necә qurtulmaq olar?

Uca Allah, günahda şeytana itaət etməyi, şeytana ibadət adlandırmışdır. Uca Allah buyurur:

"Məgər mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir." (Yasin, 60)

Allahu-Təala İbrahim peyğәmbәrin hadisəsini zikr edərək, onun öz atasına belə dediyini buyurur:

"Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu." (Məryəm, 44)

Kim Rahmənə (Allaha) qulluq etməyin, Ona itaət etməyin haqqını vermirsə, şeytana itaət etməklə ona (şeytana) ibadət etmiş olur. Yalnız Allaha ixlas ilə qulluq edən kimsə, şeytana ibadət etməkdən qurtula bilər. Uca Allah onlar haqqında belə buyurur:

"Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökümranlığın yoxdur." (əl-Hicr, 42)

"Lə iləhə illəllah" sözünün haqqını verənlər də məhz onlardır və onu ixlasla deyirlər və dili ilə deyərkən əməlləri ilə təsdiqləyirlər. Nə məhəbbətdə, nə ümiddə, nə qorxuda, nə itaətdə, nə də təvəkküldə Allahdan başqasına əhəmiyyət vermirlər. "Lə iləhə illəllah" sözlərini sidq ilə söyləyənlər də mәhz onlardır. Allahın həqiqi qulları da onlardır. Lakin kim "lə iləhə illəllah" sözlərini dili ilə deyərsə, sonra Allaha qarşı günahda, Ona qarşı müxalifətdə şeytana və öz nəfsinin istəyinə itaət edərsə, onun bu əməli, dili ilə dediklərini təkzib etmiş olur. Seytana və nəfsinin istəyinə itaət etməklə Allaha qarşı etdiyi üsyanın miqdarı qədər tövhidindәn azaltmışdır.

"Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?!" (əl-Qasas, 50)

"Nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar."(Sad, 26)