Zalımoğlunun faciəli taleyi


Kriminal 26 May 2019 12:34:00 225 0

Zalımoğlunun faciəli taleyi

Son.az Modern.az-a istinadən aktyor Ələsgər İbrahimov haqda yazını oxucularına təqdim edir: 

Həyat çox qısadır - bir göz qırpımı qədər. Bizə müvəqqəti bəxş olunan və nə vaxt bitdiyini bilmədiyimiz qısa zaman kəsiyində gərək heç nəyin aludəçisinə çevrilməyək. Nəyəsə aludə olmaq o zamanı daha da qısa edə bilər. Ələsgər İbrahimovun həyatı kimi. 

1942-ci ildə doğuldu, cəmi 37 il yaşadı. Bu 37 ilə ali məktəbi bitirmək, bir neçə filmə çəkilməklə yaddaşlarda qalmaq ancaq sığdı. Bəs görəsən, belə qısa zaman kəsiyinə bu adam necə həm də boş, mənasız məşğuliyyətlər yerləşdirə bilib? Həm də bu alışqanlıq onun ömrünü qısaldan amil olub. Bəlkə bilsəydi, ömrü çox qısadır belə yaşamazdı?! Anlasaydı ki, özü öz əli ilə qəbrini qazır, həyat tərzini dəyişərdimi? Bəlkə də yox, kim bilir.  

İçərişəhərdə bir ailə yaşayırdı. Ata fəhlə, ana evdar qadın. Ailədə iki oğlan böyüyürdü. Böyük Vətən Müharibəsinin adamın axırına çıxan gərgin illəri idi. Yarıac, yarıtox ömür sürürdülər. Ata bütün günü gərgin əməklə məşğul olurdu, o vaxt evdarlığı unudan bütün qadınlar kimi bu ana da zavoda, dəmir-dümürlə işləməyə gedirdi. Bu həm ailənin dolanışığı, həm də Vətən üçün lazım idi.  

Bu minvalla uşaqlar orta məktəbi bitirdilər. Ata gərgin əmək sayəsində əlillik statusu "qazanmışdı". Ana işləyirdi, amma onun qazancı ailəni dolandırmağa çatmırdı.  

Ələsgər indiki Neft Akademiyasını bitirmişdi. Döymədiyi qapı qalmamışdı, çətin vaxtlar idi, iş tapa bilmirdi.  

İçərişəhərdə kinorejissor Arif Babayevlə qonşu idilər. Rejissor çoxdan bu qəddi-qamətli, yaraşıqlı oğlanın varlığını sezmişdi. Onun damda quş uçurtması rejissorun xoşuna gəlməsə də,  Ələsgərin kino üçün yarandığına əmin idi. Onu bir gün kinoya çəkəcəyini özü üçün qət etmişdi.   

Quşbaz aktyor, qırılan sevgi 

Bir gün fikrində çəkəcəyi kinoya aktyor seçimi edə-edə evə gələn Arif Babayev damda yenə Ələsgəri quş uçuran görür. Öz-özünə düşünür ki, ilahi, necə də Yan Mareyə oxşayır, bu niyə quş uçurtmaqla məşğul olur axı? 

Bu barədə sonralar onun özünə danışacaqdı, Ələsgər də həmin hadisəni öz müsahibələrində qeyd edəcək, hələlik isə ona doğru atılan ilk addımdan söhbət gedir. Arif Babayev onu aşağı, yanına çağırır.  

- Sən niyə bir sanballı işlə məşğul olmursan? Özü də ailənin ehtiyacı var.  

- İş olsaydı, məşğul olardım.  

- Neft mühəndisi iş tapmır?  - .... 

- Gəl kinostudiyaya danışarıq.  

Rejissor cavab gözləmədən aralaşır.  

Ələsgər İbrahimov səhər möcüzələrin yarandığı yer zənn etdiyi "Azərbaycanfilm" kinostudiyasına gəlir. Arif Babayevin təklifi ilə onu kinostudiyaya mühəndis kimi işə götürürlər.  

Çox keçmir ki, rejissor onu çəkəcəyi filmə də dəvət edir. Arif Babayevin "İnsan məskən salır" filmində Ramiz obrazı Ələsgər İbrahimovun kinoda debütü olur. İllər keçir, Ələsgər İbrahimov  kinoya çəkilməklə, kino sexində mühəndis işləməklə yanaşı, quşbazlığından da geri qalmır. Əksinə, bu sahədə bir az da irəli gedib, kinostudiyanın damında da göyərçin saxlayır.  

Kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərov onu kinoda görüb bəyənmişdi. Onu axşamlar açdığı kino aktyoru kursuna dəvət etmiş, bu yaraşıqlı oğlanın yaxşı aktyor olacağını demişdi. Ona görə də onun göyərçin saxlamasının əleyhinə çıxan yox idi. Nə yazıq ki, Ələsgər İbrahimovun aludəçiliyi yalnız quşbazlıq deyildi. O, hər gün içirdi. İçir, evdə də, işdə də dama çıxır göyərçinlərini yemləyir, onlara o qədər istilik, sevgi göstərirdi ki, bunu ondan heç bir insan görməmişdi. 

Görməmişdi dedim, amma...   

Onun sevdiyi bir qız da vardı. Birlikdə kinostudiyadan çıxır, qol-boyun dənizkənarına gedərdilər, bulvara yox, dənizin elə bir yerinə gedərdilər ki, orda bir onlar, bir də dəniz olurdu.  

Qız xahiş edirdi ki, içkidən əl çəksin.  

"Xoşbəxtliyimizə maneə olacaq sənin bu ziyanlı vərdişin "- deyirdi. Ələsgər hər dəfə susur, siqaretə qullab vurub mövzunu dəyişməyə çalışırdı. İllər keçdikcə, qızın səbri tükənir, Ələsgər isə nə zərərli vərdişindən əl çəkir, nə də evlənmək barədə bir söz deyirdi. Sevginin də insan həyatı kimi dövrləri var, elə bir dövr yetişir ki, sevgi telləri ailə bağlılığına çevrilməlidir, ya da... qırılmağa məhkumdur.