Enerji içkiləri niyə ziyanlıdır?


Digərləri 25 May 2019 22:35:00 223 0

Enerji içkiləri niyə ziyanlıdır?

Enerji içkiləri ürək ritmində pozulmalar, təzyiq, damarlarda sıxılmalar yaradır. Bu içkilərin təsirindən daha çox ürəkdə ölümcül ritm pozğunluqları baş verir. Enerji içkiləri bunlarla yanaşı, qadın və kişi cinsi orqanlarına mənfi təsir edir, nəsil artırma qabiliyyətini pozur, həmçinin genetik problemlərə səbəb olur.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu kardioloq, Mərkəzi Klinik Xəstəxananın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov lent.az-ın canlı yayımında enerjili içkilərin ziyanları barədə danışarkən deyib.

Bu içkilərin tərkibində yüksək miqdarda kofein, taurin olduğunu qeyd  edən həkimin sözlərinə görə, bəzi enerji içkilərinə kofein daha sərtləşdirilmiş formada qatılır: "Bu maddələr gündəlik qəbul normasından artıq olduqda ürək ritmini pozur, hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır. Bir hamilə xanımın, azyaşlının bu içkiləri içməsi nə dərəcədə doğrudur? Valideynin uşaqlarına, nənə-babaların nəvələrinə enerji içkisi alıb verməsi düzgündürmü? Bunlara yol verilməməlidir. Bu içkilərin reklamının qarşısı alınmalıdır.

Enerji içkiləri 2007-ci ildən daha geniş istifadə olunmağa başlayandan sonra Amerikada xüsusi ölüm halları yaranmağa başladı. Azərbaycanda da bununla bağlı iki ölüm hadisəsi olub. Amma ümumilikdə bu içkilərin yaratdığı fəsadlar çoxdur.

Gənc yaşlarda ürəkdə ciddi problemlərlə qarşılaşanda ilk olaraq ağlımıza gələn səbəb narkotik və energetik içki istifadəsi olur. Hər gün dörd qutu enerji içkisi içən bir şəxs infarkt şübhəsi ilə müraciət etmişdi. Ürək damarlarında spazmaları sakitləşdirmək üçün dərmanlar təyin etdik. Uzun zaman həmin içkiləri içməyib, son bir ayda yenidən içməyə başlayıb və infarkt yaranıb".

F. İbrahimov deyib ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır: "Hesab edirəm ki, 22 yaşdan aşağı olanlar bu içkiləri ümumiyyətlə, içməməlidirlər. Son zamanlar tərkibinə alkoqol qatılan enerji içkiləri də satışa çıxarılıb. Bunun ziyanları isə daha çoxdur".