Azərbaycanda bir əsrin yadigarı olan seminariya


Digərləri 25 May 2019 22:37:00 218 0

Azərbaycanda bir əsrin yadigarı olan seminariya

Bu il Qazax Müəllimlər Seminariyasının yaranmasının 100 ili tamam olur.

Son.az oxu.az-a istinadən bildirir ki, 100 il öncə Gürcüstanda Qori müəllimlər seminariyasından ayrılan Azərbaycan şöbəsi 1918-ci ilin sentyabr ayında fəaliyyətini Qazaxda davam etdirib.

Bu münasibətlə Qazaxda "Azərbaycan təhsili və elminin müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Qazax rayon icra hakimiyyətinin, Azərbaycan Dillər Universitetinin, Milli Elmlər Akademiyası Folklor İnstitutu və BDU-nun Qazax filialının təşkilatçılığı ilə reallaşıb.

Bildirilib ki, Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Qeyd olunub ki, Qazax müəllimlər seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir.

Tədbirdə iştirak edən türkiyəli ziyalılar seminariyanın müstəqil Azərbaycanın təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyduğunu diqqətə çatdırıb.