Öd daşının yaranma səbəbləri və riskləri


Digərləri 25 May 2019 22:05:00 366 0

Öd daşının yaranma səbəbləri və riskləri

Əhalinin 7 faizində öd daşları mövcuddur. Bu rəqəm qadınlarda bir az artıq 9%, kişilərdə 6%-dir. Öddə daşlar niyə yaranır? Daşlar orqanizm üçün nə qədər təhlükəlidir? Öd daşları nə zaman əməliyyat olunmalıdır?

Son.az e-tibb.az-a istinadən ümumi cərrah, Mərkəzi Gömrük Hospitalının həkimi Kamran Beydullayevin bununla bağlı məqaləsini təqdim edir:

Öd daşı xəstəliyi həzm sisteminin ən çox yayılmış xəstəliyidir. Öd daşının yaranma səbəblərinə çox faktorlar aid edilə bilər. Geniş şəkildə bu faktorları 3 qrupa bölmək olar:

Metabolik, infeksiya, öd durğunluğu

Metabolik faktor nədir? Ödlə çoxlu miqdarda xolesterol ifraz olunur. Xolesterol suda həll olmayan maddədir. Xolesterolun suda həll olmasını öd duzları və fosfolipidlər təmin edir. Onlarla birlikdə xolesterol molekulları micelle adlanan strukturlar əmələ gətirir ki, bu strukturların da yağ hissələri daxili tərəfdə, su xoşlayan hissələri isə kənar sərhədlərdə düzülür. Micelle strukturlar bu qabiliyyəti sayəsində suda həll olur. Ödün tərkibində xolesterolun miqdarı onları həll edə biləcək vəziyyətə gətirən öd duzları və fosfolipidlərdən çox olduqda öd kristalları əmələ gəlməyə başlayır. Bu cür öd həddən artıq doymuş və ya litogenik öd adlanır. Yaş artdıqca, qadınlarda, artıq çəkisi olan adamlarda, kontroseptiv həblər qəbul edənlərdə və bəzi dərmanların təsirindən ödün tərkibində olan xolesterolun miqdarı arta bilər. Eyni zamanda bəzi təsirlərdən xolesterolun həll olmasını asanlaşdıran öd duzları və fosfolipidlərin də miqdarı azala bilər. Məsələn, estrogen qəbulu buna səbəb ola bilər. Bu vəziyyətlərin hamısı öd daşlarının əmələ gəlmə riskini artırır. Buna baxmayaraq, bu qəbildən olan bir xeyli insan var ki, onlarda öd daşları yaranmır. Bu isə o deməkdir ki, öd daşlarının yaranması üçün başqa şərtlər də var.

İnfeksiya - daş əmələ gəlmə prosesində infeksiyanın rolu tam aydın deyil. Adətən xəstələrdən götürülmüş daşlar steril olur. Amma bir sıra öd daşlarının mərkəzində mikroblar aşkarlana bilir. Helikobakter Pilori bakteriyasının antigeni tərkibində daş olan bir sıra öd kisələrində tapılıb.

Öd durğunluğu - bəzi vəziyyətlərdə öd kisəsinin yığılma qabiliyyəti azalır. Bunlara hamiləlik dövründə esterogen səbəbindən, və trunkal vaqotomiya (azan sinirin kəsilməsi) zamanı baş verən vəziyyətləri misal göstərmək olar. Bu vəziyyətlərin hamısında öd daşının rastgəlmə ehtimalları yüksəkdir. Uzun müddət parenteral qidalanmada (xəstə ağızdan deyil damardan qidalanır) olan xəstələrdə öd daşları tez-tez rast gəlinir. Ağızdan qida qəbulunun azalması 12 barmaq bağırsağın mükozasından ifraz olunan və öd kisəsinin yığılmasına səbəb olan xolesistokinin adlanan maddənin ifrazını azaldır.

Öd daşı xəstəliyini belə qruplaşdırmaq olar: Lal daşlar, asimptomatik daşlar, təsadüfən aşkarlanmış öd daşları, insidental daşlar

Lal daşlar adətən təsadüfü ultrasəs müayinədə, MRT və ya KT müayinədə aşkar edilir. Simptomatik və ağırlaşmamış öd daşı xəstəliyi dedikdə isə öd daşlarının artıq müəyyən narahatlıqlar verdiyi nəzərdə tutulur. Burada adətən söhbət öd sancılarından gedir.  Ağırlaşmış öd daşı xəstəliyinə isə öd daşlarının xolesistit, xoledoxolitiaz və s. kimi xəstəliklərlə ağırlaşmış vəziyyətləri aiddir.

İnsidental daşlar heç bir xəstəlik əlamətləri ilə müşahidə edilmir. Onlar digər səbəblərə görə ultrasəs müayinəsi zamanı aşkar edilir. Ultrasəs müayinəsi ümumilikdə öd daşı xəstəliyinin müayinəsində və müşahidəsində əvəzsiz rola malikdir. Bu müayinə metodunun qeyri-invaziv olması, öd daşı üçün yüksək sensitivliyi və spesifikliyi onun geniş əhali kütləsini skrin etmək üçün uyğun olmasını mümkün edir.

Təsadüfən tapılmış öd daşı xəstəliyi olan xəstələrin 10-15 illik müşahidəsi onu göstərir ki, onların təqribən 20% də bu müddətdə əlamətlər əmələ gəlir. Bu əlamətlər adətən öd sancıları olur.

Artıq simptomlar əmələ gəlmiş xəstəliyin gedişi  asimptomatik xəstələrdən çox fərqlənir. Onlarda böyük ehtimalla təkrar-təkrar öd sancıları əmələ gələcək və ağırlaşmalar olması riski çox yüksəkdir.

Bu müşahidələr göstərir ki, lal öd daşları olan xəstələrin çox böyük əksəriyyətində xəstəlik əlamətləri əmələ gəlmir və gəldikdə də bu adətən öd sancılarından ibarət olur.

Təsadüfü aşkarlanmış öd daşı xəstəliyi olanların yanlışlıqla simptomatik qrupa daxil edilməsi də tez-tez baş verən haldır. Bəzən xəstələrdə dispeptik əlamətlər olur ki, bunda da öd daşlarını günahlandırırlar. Dispeptik əlamətlər çox geniş yayılıb. Belə hallar olduqda detallı şəkildə araşdırılmalıdır. Bəzən lal daşlar digər səbəbdən yaranmış dispeptik əlamətlərlə yanaşı ola bilər.

Asimptomatik öd daşı xəstəliyi olan pasientlərdə profilaktik xolesistektomiya əməliyyatı məsləhət görülmür və əməliyyat üçün göstəriş yoxdur. Lakin bu hallar istisna təşkil edir:

Öd kisəsi xərçəngi riski olan xəstələr

Öd daşının ağırlaşmaları ola biləcək xəstələr

İkinci qrupa ayırdığımız ağırlaşmamış öd daşı xəstəliyi olan simptomatik xəstələrin isə ümumi vəziyyəti yol verirsə əməliyyat üçün göstəriş var. Cərrahi riski yüksək olanlar isə konservativ  müalicə ala bilərlər.