Saçlar bu səbəblərdən tökülür


Digərləri 25 May 2019 21:05:00 269 0

Saçlar bu səbəblərdən tökülür

İnsanlar arasında ən geniş yayılan problemlərdən biri də saç tökülməsidir. Bu problem bu gün gənclərin də qorxulu röyasına çevrilib.

Üç kişidən birində kəskin saç tökülməsi qeydə alınır. Kişilərdə keçəlləşmənin əsas səbəbi irsiyyət sayılsa da, qadınlarda irsi saç tökülmələri azlıq təşkil edir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, əslində kişilərdə gün ərzində yüzə, qadınlarda isə 150-yə qədər saçın tökülməsi normal hesab olunur. Kişilərdə bunun 100-dən, qadınlarda isə 150-dən çox olması isə artıq xəstəlik əlaməti kimi dəyərləndirilir. Saç tökülməli, düşən tükün yerinə yenisi bərpa olunmalıdır. Əgər bərpa prosesi gedirsə, saçda seyrəlmə olmursa, bu, fizioloji tökülmə, yəni normal haldır.

Mütəxəssislər hesab edir ki, saç tökülməsinə çox amillər səbəb ola bilər. Son illər aparılan araşdırmalara görə, saç tökülməsinə səbəb olan əsas amillər genetik faktor, stress, depressiyalar, dəri problemləri, yanlış qidalanma, vitamin və mineral, dəmir çatışmazlığı, qan azlığı, hormonal problemlər, bir sıra daxili xəstəliklər, dərmanlar, kimyaterapiya müalicələridir. Bundan başqa, saçlar üçün istifadə olunan kosmetik vasitələr, saç boyaları, düzləşdirici, burucu və s. vasitələr saç tökülməsinə səbəb ola bilər.

Dəridə olan göbələk və bakterial mənşəli problemlər zamanı da saç tökülmələri baş verir.

Qadınlarda ən çox hamiləlikdən sonra, dieta proqramlarını icra edən zaman saç tökülmələrinə rast gəlinir. Bu isə daha çox dəmir çatışmazlığı ilə izah olunur. Müalicə zamanı problem aradan qalxır.

İrsi faktora bağlı olan saç tökülməsinin qarşısını almaq isə mümkün sayılmır, yeganə çarə saç əkilməsidir. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da saç əkilməsi özəl klinikalar, kosmetoloji, estetik mərkəzlərdə geniş tətbiq olunur.