Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq


Digərləri 25 May 2019 12:07:01 194 0

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

Mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgi açılacaq.

Bakı. Mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgi açılacaq. Mərkəzdən Trend-ə verilən məlumata görə, ekspozisiyada 300-dək eksponat nümayiş olunacaq. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim fars incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən kolleksiya və Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər təqdim ediləcək. Sərgidə Qacarlar epoxasına aid qədim fars incəsənəti əksəriyyəti Fətəli şah dövrünə aid dünyaca məşhur yağlı boya rəsmləri, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalarla təqdim olunacaq. Təsvirin gücünü yaxşı bilən Fətəli şah nüfuzunu və nailiyyətlərini nümayiş etdirmək üçün memarlıq, rəsm və dekorativ sənətdən geniş istifadə edirdi. Sərgidə Fətəli şahın özünün portreti də yer alacaq. Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin yağlı boya ilə işlənmiş altı əsəri sərgilənəcək. Mirzə Qədim İrəvani tikmə üçün olan trafaret rəsmləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınır. XIX əsrin ortalarında İrəvan xanlığının Sərdar sarayının salamat qalmış orijinal əsərlərini, həmin saray kompleksinin məscid və sarayının dekorunda işlədilən plitələri yenidən boyamış şəxs məhz o olub. İrəvan xanlığının Sərdar sarayının arxeoloji qalıqları arasında Cənubi Qafqazın müxtəlif quberniyalarında yaşayan Azərbaycan xalqına məxsus ənənəvi kostyum və əşyalar, eləcə də mebel nümunələri, vazalar və digər gündəlik həyat atributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada təqdim olunacaq. Bu eskponatlarla tanışlıq o dövrün həyat və məişət mənzərəsini daha aydın təsəvvür etməyə imkan verəcək, sarayın memarlıq üslubunu nümayiş etdirəcək.