Cənub bölgəsi turizm mövsümünə hazırdır REPORTAJ VİDEO FOTO


Digərləri 24 May 2019 23:30:00 270 0

Cənub bölgəsi turizm mövsümünə hazırdır  REPORTAJ  VİDEO  FOTO

Bir neçə gündən sonra ölkəmizdə yay turizm mövsümü başlayır. Gözəl və füsunkar təbiəti ilə seçilən Lənkərana respublikamızın müxtəlif şəhər və rayonlarından, həm də xarici ölkələrdən 30 mindən çox turistin gələcəyi proqnozlaşdırılır. Mütəxəssislərin fikrincə, yay fəslində Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin istifadəyə verilməsi nəticəsində bölgəyə daha çox əcnəbi turist gələcək.

Lənkərandakı əksər otellərdə iyul-avqust ayları üçün boş yer yoxdur

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ötən ildən etibarən Lənkəranda demək olar, bütün il boyu turizm mövsümü sayılır. Burada ilin bütün fəsillərində xarici və yerli turistlər müşahidə edilir. 2016-2017-ci illərdə Lənkəranda mehmanxana və mehmanxana tipli obyektlərdə qalan turistlərin sayı təxminən 20 min təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 30 minə yaxın olub. Yay turizm mövsümü başlamamış, 2019-cu ilin ilk 3 ayında isə bu rəqəm 6 mini ötüb.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov deyir ki, Lənkəran rayonu, mehmanxanalar turizm mövsümünə tam hazırdır: "İyul-avqust ayları üçün əksər otellərdə boş yer yoxdur. Bu il, həmçinin bölgədə turizm sahəsində baş verəcək əlamətdar hadisə turistlərin bu bölgəyə diqqətini daha çox çəkəcək. Belə ki, Lənkəranda böyük müalicəvi sanatoriya kompleksi istifadəyə veriləcək. Bu müalicəvi sanatoriya kompleksi Qafqazda ən böyük komplekslərdən biri hesab olunur. Bu, öz növbəsində, Lənkərana müalicə üçün üz tutan həm yerli, həm də xarici vətəndaşlar üçün əlverişli imkandır".

Müasir standartlara cavab verən Ələt-Astara magistralı  bölgəyə turist axınının artmasında mühüm rol oynayır Otel meneceri Mirmehdi Məmmədov isə bildirir ki, cənub bölgəsinə bu il daha çox turistin gəlməsinə səbəb ötən il istifadəyə verilən Ələt-Astara magistralıdır. "Dövlət əhəmiyyətli yol müasir standartlara cavab verir. Respublikanın ən rahat, ən münasib və məsafəsi az olan magistral yollarından biridir. Əgər qonaqlar əvvəllər Bakıdan Lənkərana 4 saata gəlirdilərsə, indi 2 saata rayona çatmaq olur. Keçən ilə nisbətən builki qonaqlarımızın əksəriyyəti Rusiya, İran və Türkiyədən olacaq. Keçən ilə nisbətən bu il turist sayı çoxdur, otaqlarımız indidən tutulub", - deyə o qeyd edib.

Lerikdə turistlərin diqqətini çəkən amil: dəniz, meşə və dağlar

Uzunömürlülər diyarı Lerik rayonu da turizm mövsümünə hazırdır. Hazırda tikintisi davam etdirilən Lənkəran-Lerik yolunun genişləndirilməsi bölgənin turizm imkanlarına müsbət təsir göstərəcək. 41 min hektar meşə zolağının mövcud olduğu Lerik rayonunda 17-dən çox istirahət mərkəzi var. Belə istirahət mərkəzlərindən birinin rəhbəri, 22 ildən çoxdur rayonda turizmin inkişafında müstəsna xidmətləri olmuş Akif Əliyev turistlərin diqqətini çəkən məqamları belə izah edir: "Leriklə Lənkəran həmsərhəd olduğundan dənizlə dağın arasında cəmi 20-25 dəqiqəlik məsafə var. Bu da turistlərin həm dənizdə, həm meşədə, həm də dağlar qoynunda istirahətinə imkan verir. Dağlarımızda çoxlu dərman bitkiləri də bitir. Bu amillər turistlərin əksəriyyətinin marağına səbəb olur".

Bir nəfərin günlük istirahəti göstərilən xidmətlərdən asılı olaraq 20-250 manata başa gəlir

Turizm məkanlarının qiymətlərinə gəlincə, təklif olunan xidmətlərin qiyməti ötən ildəkindən fərqlənmir. "İstirahət mərkəzimizdəki orta seqmentli kotteclərdə yerlər 1 nəfər üçün səhər və axşam yeməyi də daxil olmaqla, təxminən 30 manat civarındadır", - deyə Akif Əliyev bildirib.

Ümumilikdə isə, cənub bölgəsində bir nəfərin bir günlük istirahəti göstərilən xidmətlərdən asılı olaraq 20-250 manata başa gəlir.