“Şəhər ekologiyası” layihəsi uğurla davam edir (FOTO)


Digərləri 24 May 2019 23:16:00 260 0

“Şəhər ekologiyası” layihəsi uğurla davam edir (FOTO)

Mayın 24-də IDEA İctimai Birliyinin “Şəhər ekologiyası” layihəsi çərçivəsində ADA Universitetinin kampusunda mövcud olan yaşıllıq sahəsinə sincablar buraxılıb

Bakı. Mayın 24-də IDEA İctimai Birliyinin “Şəhər ekologiyası” layihəsi çərçivəsində ADA Universitetinin kampusunda mövcud olan yaşıllıq sahəsinə sincablar buraxılıb. “Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib. Sincablar üçün əlverişli yaşam şəraitinin olduğu kampus ərazisinə ilkin olaraq 25 sincab buraxılıb. Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib. Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların şam ağaclarının çoxluq təşkil etdiyi yeni Zooloji Parkın ərazisinə və Dədə Qorqud Parkına keçərək təbii şəkildə çoxalmasıdır. Məlum olduğu kimi, vəhşi təbiətin qorunub saxlanılması üzrə çoxşaxəli səylərlə yanaşı, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Bu xüsusda, Bakıda fəaliyyəti küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi yaradılıb, şəhərboyu pişiklər üçün xüsusi evciklər qurulur, IDEA quş yuvaları asılır və digər bir sıra işlər aparılır. “Şəhər ekologiyası” layihəsi Bakı və onun ətrafındakı ictimai yerlərin şəhər mühitində rahat yaşayıb çoxala bilən heyvan və quş növləri ilə zənginləşdirilməsi, eləcə də bu növlərin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf mühit arasında ahəngin yaradılmasından, daha sıx və daha sağlam əlaqənin möhkəmləndirilməsindən ibarətdir.