Qarsevan və Duxik Canazyanlar: Biz Bakıda gəzdik, bura çox gözəldir, hava ilə bağlı bəxtimiz gətirdi


Digərləri 24 May 2019 17:41:00 188 0

Qarsevan və Duxik Canazyanlar: Biz Bakıda gəzdik, bura çox gözəldir, hava ilə bağlı bəxtimiz gətirdi

Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir

Bakı. Cani Babayeva - Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Rusiyanı təmsil edən erməni əsilli gimnastlar, bacı və qardaş Qarsevan və Duxik Canazyan deyib. Q.Canazyan bildirib ki, onları hər şey qane edir: “İnsanlar səmimidir, haradasa itsək, soruşuruq və bizə hamı kömək edir. Biz Bakıda gəzdik, bura çox gözəldir, hava ilə bağlı bəxtimiz gətirdi. Milli Gimnastika Arenasında idmançılar üçün şərait əladır”. Gimnast bildirib ki, onun bacısı ilə çıxışı çempionatın ikinci günündə baş tutacaq: “Bacımla mən böyüklər arasında çıxış edirik. Yarışlarımız sabah 12:00-da başlayır. Bacımla trioda çıxış edəcəyik, mənim həm də səkkiz nəfərdən ibarət aero-dans proqramında və kişi qrupunda çıxışlarım var. Layiqli çıxış etməyə çalışacağam”. D.Canazyan bildirib ki, Bakıda təşkilatçılıq yüksək səviyyədədir: “Biz Bakıda 2015-ci ildə I Avropa Oyunlarında olmuşuq, o zaman da hər şey əla idi, hər yerdə idman əhval-ruhiyəsi var idi. 2015-ci ildə Bakıda çıxış edərkən, azarkeşlər bizi dəstəkləyirdi. Çempionatda bizim üçün ən əsası layiqli çıxış etməkdir, son qərar isə hakimlərdən asılı olacaq. Milli Gimnastika Arenası çox gözəldir. Bakıda hər şey gözəldir: həm arena, həm yaşayış, həm də qidalanma. Çox dadlı meyvələr var, hava çöx gözəldir. Milli mətbəxin dadına baxdıq. Əlbəttə, biz rejimə əməl edirik, amma bəzən dadlı yemək istəyirsən”. “Arsenal”ın futbolçusu Henrix Mxitaryanla bağlı vəziyyətə gəldikdə isə, gimnastlar vurğulayıb ki, siyasət idmandan ayrı olmalıdır: “İnsanlar fərqlidir. Siyasət ayrıdır, idman ayrı. Ona görə də hər şey insanın özündən asılıdır. Gördüyünüz kimi, biz buradayıq və ölkənin şərəfini qorumağa gəlmişik”.