Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır


Digərləri 24 May 2019 12:23:00 162 0

Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır

Ölkəmizdə qohum evliliklərinin yayılması genetik xəstəliklərin daha çox rast gəlinməsinə səbəb olur

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır. Trend-in məlumatına görə, bunu Milli Oftalmologiya Mərkəzinin Uşaqlarda gözün patologiyası şöbəsinin həkimi Aysel Əkbərova deyib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən müəyyən edilən zəifgörmə və korluq terminləri görmə itiliyi və görmə sahəsinə əsaslanır. Həkim qeyd edib ki, dünyada 1.5 milyon gözdən əlil, 5 milyon zəif görən uşaq yaşayır: "Görmə zəifliyinin inkişafı təhsilinə əhəmiyyətli dərəcədə təsir edən uşaqların sayı isə 1.5-2 milyon arasındadır. Dünyadakı gözdən əlilliyin içərisində uşaqçağı görmə qabiliyyətini itirmə iki faiz təşkil edir. Dünyadakı zəif görənlərin 4-12 faizini uşaqlar təşkil edir". A.Əkbərova əlavə edib ki, körpəlik və uşaqlıq dövründə vaxtından əvvəl doğulmuşların retinopatiyası, anadangəlmə katarakta, anadangəlmə qlaukoma, çəpgözlük və s. kimi xəstəliklərin vaxtında müalicəsi zəifgörmə və görmə qabiliyyətinin itirilməsinin qarşısını ala bilir. Uşaqlarda zəifgörmənin əsas səbəblərinə kortikal görmə pozğunluğu, optik sinir xəstəlikləri, vaxtından əvvəl doğulmuşların retinopatiyası, anadangəlmə anomaliyalar və s. aiddir: "Böyüklərdə olduğu kimi, uşaqlarda da zəifgörmə və görmə qabiliyyətinin itirilməsinin yayılması cəmiyyətlərin inkişaf səviyyəsindən asılıdır. Yetkin insanlarla müqayisədə uşaqlıq dövründə zəifgörmə səbəblərinin çoxunun qarşısını almaq daha çətindir. Buna görə də uşaqlarda reabilitasiya tədbirlərindən faydalanmaq əhəmiyyətlidir".