Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir


Siyasət 23 May 2019 20:49:00 207 0

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan və İtaliya möhkəm əlaqələrlə bir-birinə sıx bağlıdırlar və bu bağlılıq illər ərzində siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində məhsuldar tərəfdaşlıqda öz əksini tapmışdır. Ümid edirəm ki, bu əməkdaşlıq daha da zənginləşəcək və ölkələrimizin vətəndaş cəmiyyətləri, iqtisadi sistemləri, həmçinin gənc nəsillərimizin maraqları istiqamətində yeni sahələr üzrə genişlənəcəkdir.

İnanıram ki, əlaqələrimizin möhkəmləndirilməsi, regional və beynəlxalq səviyyələrdə birgə maraq dairəsində olan mövzular üzrə dialoqun intensivləşdirilməsi üçün möhtəşəm çərçivə hesab edilən Bakı və Avropa İttifaqı arasında yeni bir tərəfdaşlıq sazişi müəyyənləşdirmək üçün qətiyyətlə və ruh yüksəkliyi ilə yolumuza davam edəcəyik.

Bu arzularla və Sizi Romada qəbul etmək ümidi ilə Sizə və bütün Azərbaycan xalqına rifah diləyirəm".

XXX

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən:

"Hörmətli İlham Heydər oğlu. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan rəqabətqabiliyyətli, dinamik inkişaf edən dövlət kimi iqtisadi, sosial və mədəni-humanitar sahələrdə nailiyyətləri ilə dünya birliyində layiqli yer tutur.

Bununla əlaqədar olaraq arzu edirəm ki, ölkəniz Sizin rəhbərliyiniz ilə daha intensiv inkişaf etsin və xoş məramlarına çatsın.

Ürəkdən inanıram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan strateji əməkdaşlıq bundan sonra da iki ölkənin xalqlarının rifahı naminə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə məsul vəzifənizdə böyük uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzu edirəm".

XXX

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Bizə dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Xalqınızın ümid və arzularının həyata keçirilməsində Sizin uğurlarınızın davamlı olmasını ürəkdən arzulayıram.

Fürsətdən istifadə edərək, dost xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə qarşılıqlı əməkdaşlığımızın inkişaf etdirilməsinə ümidvar olduğumu bildirmək istərdim.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm".

XXX

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin Prezident İlham Əliyevə təbrik məktubu göndərib:

"Zati-aliləri. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Zati-aliləri, Sizə Uca Allahdan möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri, ölkənizin təşkilatımıza dəstəyini, təşkilatın yaradılmasının məqsədi olan İslam həmrəyliyinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün səylərini bundan sonra da davam etdirəcək.

Əminəm ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın və İslam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcək.

Cənab Prezident, ən yüksək ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm".