Sabirabad sakini qayınatasının evində arvadına dəhşət yaşatdı


Kriminal 23 May 2019 20:19:00 234 0

Sabirabad sakini qayınatasının evində arvadına dəhşət yaşatdı

Sabirabad rayonunda arvadını öldürməyə cəhddə təqsirli bilinən 1981-ci il təvəllüdlü Nazim Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Sabirabad rayonunun Suqovuşan kənd sakini Nazim Səmədov 2000-ci ildən Mətanət Kərimova ilə qeyri-rəsmi nikahda olub və rayonunun mərkəzində, M.Müşfiq küçəsində evlərdən birində birgə yaşayıb.

Nazim Səmədov son illər Mətanətlə ailə-məişət zəminində dəfələrlə mübahisə edib.

2017-ci ilin avqustun sonlarında baş vermiş sonuncu mübahisədən sonra Mətanət atası evində yaşamağa başlayıb.

Bu səbəbdən Nazim həmin ilin sentyabrın 25-də, axşam saatlarında Mətanətlə telefon vasitəsilə danışmaq istəyib. Amma qadın onunla danışmaqdan imtina edib. Buna görə Nazim Mətanətin bu hərəkətlərini özünə qarşı soyuq davranış kimi qəbul edib və onun sərbəst olaraq başqa kişilərlə telefon vasitəsilə danışa biləcəyi qənaətinə gəlib. Nazim qısqanclıq zəminində Mətanəti öldürmək niyyətinə düşüb.

Bu məqsədlə ertəsi gün, gecə saat 2 radələrində qayınatası Soltan Kərimova məxsus evin həyətinə gəlib. O, evin qapısının dəmir cəftəsini çıxararaq özü ilə götürüb və həyətdəki avtomaşının arxa tərəfinə keçib, orada gizlənib.

Nazim bir müddət orada gözlədikdən sonra Mətanətin evdən çıxaraq həyətdəki tualetə keçdiyini görüb. O, Mətanətin arxasınca getmək istəyib. Həmin vaxt qayınanası Qətibənin də həyətə çıxmaq istədiyini görüb.

Bu zaman Nazim evin qapısını içəri doğru itələyib və özü ilə götürdüyü dəmir cəftə ilə qapını çöldən bağlayıb.

Həmin vaxt Nazim Mətanətin ondan qorunmaq məqsədilə tualetin qapısını bağladığını görüb. O, taxta qapının dəmir cəftəsini açmadan dartaraq qapını çərçivəsi ilə birlikdə sındırıb. Nazim tualetdə olan Mətanətin saçından tutub və sürüyərək həyətə çıxarıb.

Bu zaman Nazim Mətanətin qışqıraraq kömək istəməsinə, onu buraxması və öldürməməsi üçün yalvarmasına, habelə qayınanası Qətibənin Mətanətin əzab çəkməsinə son qoymaq üçün qapını dayanmadan döyəcləyərək ağlayıb fəryad etməsinə baxmayıb.

Nazim cibində olan bıçağı çıxaraq Mətanətin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. 13 bıçaq xəsarəti yetirəndən sonra Mətanətin hərəkətsiz vəziyyətdə yerdə qaldığını görən Nazim onun öldüyünü zənn edib.