SOCAR: Bakı Neft Emalı Zavoduna 110 min ton Aİ92 benzininin idxal olunması planlaşdırılır


Digərləri 23 May 2019 19:14:00 255 0

SOCAR: Bakı Neft Emalı Zavoduna 110 min ton Aİ92 benzininin idxal olunması planlaşdırılır

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ilin oktyabrında 110 min ton Aİ-92 benzini idxal etməyi planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu SOCAR-ın emal məsələləri üzrə vitse-prezidenti Davud Məmmədov deyib.

Onun sözlərinə görə, zavod oktyabrın birində istehsalı dayandıracaq. "Azərikimya" İstehsalat Birliyi də oktyabrın 1-dən başlayaraq istehsalı 40 gün müddətinə dayandıracaq:

"İstisna deyil ki, Aİ-92 benzini Rusiya və Türkmənistandan satın alınacaq. Amma bu həm də qiymətlərdən də asılı olacaq, bununla bağlı digər variantlar nəzərdən keçiriləcək".

Vitse-prezident bildirib ki, SOCAR zavodun modernləşdirilməsini 2021-ci ilədək bitirməyi planlaşdırır. Bundan sonra zavodda neft emalı işə düşəcək ki, bu da emal prosesini 2023-24-ci illərdə 7,5 milyon tonadək çatdırmağa imkan verəcək:

"Həmin vaxtadək Azərbaycan "Abşeron", "Ümid", "Babək" və digər yataqlardan kondensat hasilatını artırmaq niyyətindədir".