Gün altında qalan ərzaqlar: “Bir var ki, gedim içəridən gətirim, hazır ordan verirəm”


Digərləri 23 May 2019 18:09:00 283 0

Gün altında qalan ərzaqlar: “Bir var ki, gedim içəridən gətirim, hazır ordan verirəm”

Şəhərin müxtəlif ərazilərində yol kənarlarında ərzaq məhsullarının satışına rast gəlmək olar. Toz-torpağın içində satılan bu qidalar insan sağlamlığı üçün təhlükəli hesab olunur. Son.az bildirir ki, bu məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

İsa Əliyev - Qida mühəndisi: "Bir çox hallarda marketlərin içəridə və ya soyuducusunda yeri olmur. Yer olmadığına görə, onu çölə qoyur".

Mütəxəssislərin sözlərinə görə, Bakı kimi tozlu, küləkli bir şəhərdə küçə ticarəti işini aparmaq qətiyyən məqsədə uyğun deyil. Nəzərə alsaq ki, Bakı tozlu olması ilə yanaşı, həm də günəşli şəhərdir. Tozla bərabər günəş şüaları altında ərzaq məhsulları öz keyfiyyətlərini tamamilə itirir.

İsa Əliyev - Qida mühəndisi: "İsti şəraitdə onun içindəki sporlar və mikroorqanizmlər münbit şərait tapan kimi inkişaf edir və bu da nəticədə kiflənməyə və rənginin dəyişilməsinə, iyinin dəyişilməsinə gətirib çıxarır".

Bundan başqa küçədə satılan ərzaqların keyfiyyət parametrləri məlum deyil. Onların saxlanma qaydaları da ciddi şəkildə pozulur.

Günay Rəsulova - Həkim: "Xüsusilə yay fəslində qidaların açıq havaya çıxarılması onların həm temperatur təsirinə məruz qalmasına, həm qidada xarab olma prosesinə başlamasına və həmçinin insan orqanizmi üçün artıq qeyri-sağlam hala düşməsinə səbəb olur".

Satdığınız məhsulları niyə günəş altında saxlayırsınız?

Satıcı: "Günəş altında deyəndə ki, o təzə gəlib, vuracağıq içəri".


Xəbərə aid fotolar