Yeni Google Glass eynəyi Androidlə işləyəcək VİDEO
Digərləri 23 May 2019 08:59:00 195 0
"Google" şirkəti "Google Glass" "ağıllı" eynəyinin yeni versiyasını təqdim edib. "Glass Enterprise Edition 2" adlı modelin xarici görünüşü əvvəlki versiya ilə müqayisədə dəyişməz qalsa da, aparat və proqram təminatı baxımından yenilənib. Son.az ICTnews-a istinadən bildirir ki, birincisi, eynək artıq "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyir ki, bu da qurğu üçün mobil əlavələrin yaradılması prosesini sadələşdirəcək. Eynəyin əsasını "Qualcomm" şirkəti tərəfindən dünyanın ilk genişləndirilmiş reallıq platforması (Extended Reality - XR) kimi təqdim edilən "Snapdragon XR1" prosessoru təşkil edir. Platforma xüsusilə süni intellekt vəzifələrinin həlli üçün yüksək məhsuldarlığı təmin edir, eləcə də avtonom iş vaxtını artırır.
Həmçinin videoçəkilişin keyfiyyəti yüksəldilib. Enerjinin toplanılması üçün "USB Type-C" portundan istifadə edilir. "Smith Optics" şirkəti ilə əməkdaşlıq sayəsində eynək bir sıra fəaliyyət növləri üçün aktual olan qoruyucu çərçivəyə malikdir.
"Google Glass Enterprise Edition 2" eynəyinin qiyməti 999 dollar təşkil edir. Pərakəndə satışa çıxarılmayacaq qurğudan biznes seqmenti nümayəndələri yararlana biləcəklər.
Qeyd edək ki, "Google Glass" eynəyi ilk dəfə 2011-ci ildə nümayiş olunub. Rəsmi təqdimat isə 2012-ci ilin ortalarında "Google" tərtibatçılarının konfransında baş tutub.
"Google Glass" eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da "Google" şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.