I və IV ixtisas qruplarının qəbul imtahanlarının nəticələri ELAN EDİLDİ


Digərləri 22 May 2019 18:27:00 219 0

I və IV ixtisas qruplarının qəbul imtahanlarının nəticələri ELAN EDİLDİ

İmtahanda iştirak edən abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqi"nin qrafik təsvirləri ilə tanış ola bilərlər.

Son.az bildirir ki, imtahan nəticələri buradan tanış ola bilərsiniz. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 32174 abituriyentdən 1771 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 11 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 1 abituriyent Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.

Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal - 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.