DSMF: Apreldə sosial müavinət və təqaüdlərin 100 faiz artımı 600 minə yaxın vətəndaşa şamil edilib


Digərləri 22 May 2019 15:00:00 236 0

DSMF: Apreldə sosial müavinət və təqaüdlərin 100 faiz artımı 600 minə yaxın vətəndaşa şamil edilib

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov Fondda sosial təminat sahəsində görülən işlərə, aparılan islahatlara və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

İclasda Dövlət Sosial Müdafiə Fondunun 2019-cu ilin birinci rübünə dair fəaliyyəti, xüsusilə dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı Fərman və Sərəncamların icrası sahəsində görülmüş işlər müzakirə olunub. H.Məmişov cari il martın 1-dən pensiyanın minimum məbləğinin 40 faiz artırılaraq 160 manata çatdırılmasının 233 min pensiyaçının pensiyasında əhəmiyyətli artıma imkan verdiyini deyib.

O, həmçinin 15 aprel 2019-cü il tarixli Sərəncam və Fərmanlarla sosial müavinət və təqaüdlərin orta hesabla 100% artırılmasının 600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb. O, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri də qeyd edib.