Almaniyada "polisləri" mühakimə edirlər


Dünya 22 May 2019 08:08:00 201 0

Almaniyada "polisləri" mühakimə edirlər

Qərbi Almaniyanın Vuppertal şəhərinin məhkəməsi qondarma "Şəriət polisi" dəstəsinin üzvləri olan yeddi kişi barəsində işə yenidən baxır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müttəhimlər kürsüsündə əyləşənlər şəhər sakinlərindən pul qoparmaqda və hakimiyyət orqanlarının müvafiq icazəsi olmadığı halda uniforma geyinməkdə ittiham edilirlər.

Beş il bundan əvvəl həmin qruplaşmanın üzvləri üzərində "Şəriət polisi" yazılmış parlaq uniforma geyinərək əyləncə müəssisələrinin qarşısına gedir, oradakı gənclərə (əsasən müsəlmanlara) yaxınlaşaraq onlardan içkiyə meyil etməkdən çəkinməyi, əyyaşlığa uymamağı və qumar oyunları kimi günah işlətməməyi tələb edirdilər.

2016-cı ildə bu şəxslərə bir dəfə bəraət verilib, lakin yuxarı instansiya məhkəməsi aşağı səviyyəli məhkəmənin qərarını ləğv edib və bunu belə əsaslandırıb ki, hakimlər uniformanın qorxuducu təsirini nəzərə almayıblar. Bu halda yuxarı instansiya məhkəməsi onların geyimləri üzərində "Şəriət polisi" sözləri yazılmasını nəzərdə tuturdu.