Azərbaycanda kişilərin maşın həvəsi


Digərləri 21 May 2019 21:04:00 230 0

Azərbaycanda kişilərin maşın həvəsi

Rəfiqəm Gülnarla birlikdə bir axşam görüşüb əylənməyi planlaşdırırdıq ki, o, əri və dostlarının bizə qoşulacağını bildirdi.

Onlar gəldikdən sonra isə söhbətin məzmunu dərhal başqa yönə dəyişdi: Maşınlar.

Və beləliklə, rəfiqəmlə görüş kişilərin öz maşınlarını sazlamağa dair planları haqqında müzakirə masasına çevrildi: avtomobili kosmik gəmiyə necə çevirmək, tavanında ulduzlu gecə görüntüsü yaratmaq və s.

Son illərdə Azərbaycanda maşın tüninqi, zövqə görə maşınların hissələrini dəyişdirmək xeyli populyarlaşıb.

32 yaşlı Arif Zeynalov 2008-ci ildə Bakıda tüninq xidməti göstərən "Azart" adlı bir mərkəz açıb.

Arif bu sahədə fəaliyyətinə maşın hissələri satışı ilə başlayıb. "Amma həmişə bu planım var idi ki, avtomobil tüninqi biznesinə girim", o deyir.

"Azart" kişilərdən ibarət bir dünyadır: 33 işçinin hamısı kişidir. İşlədikləri qaranlıq industrial məkanda yenidən yığılmaq üçün gətirilmiş və müxtəlif mərhələdə olan avtomobillər gözə dəyir. Arifin dediyinə görə, bu avtomobillərin 90 faizi, əlbəttə ki, kişilərindir.

Kişilərin avtomobillərə bu aşkar aludəçiliyini nə ilə izah etmək olar?

Avstraliyalı feminist yazıçı Germaine Greer Daily Telegraph qəzetində 2002-ci ildə yazdığı məqalədə qeyd edir ki, kişi və avtomobili arasında əlaqə Freyd ( Ziqmund Freud - red.) nəzəriyyəsinə əsasən, onların ereksiya fantaziyalarının mühərrik vasitəsilə realizə edilməsindən irəli gəlir.

2008-ci ildə açılışından bəri "Azart" 2000-dən çox avtomobili yenidən dizayn edib. Onlardan bəziləri qonşu ölkələrdən idxal edilib

"Maşın bir feminin obyektdir ki, kişi istədiyi vaxt içərisinə daxil ola bilir; bu, onun özünü iqtidar hiss etməsi üçün sarsılmaz bir dəlildir - ta ki, tıxacda ilişib qalana qədər" - deyə, Greer yazır.

"Əslində bu romantik münasibət cinsi yetkinlik dövründən əvvəl - körpə uşaq öz ilk təkərli oyuncağı ilə tanış olanda başlayır. Maşın uşaq üçün daha sürətlə hərəkət etdirən bir təmsildir. Eyni şeyi körpə qız da hiss edə bilər, lakin buna əhəmiyyət verməsi çox az ehtimaldır", o əlavə edir.

Sosioloq Toğrul Abbasovun fikrincə, avtomobil ilk çıxan gündən müasirliyi simvolizə edib.

O izah edir ki, maşın eyni zamanda azad hərəkət etməyi, müstəqilliyi və risk həyəcanını təmsil edirdi.

Abbasov əlavə edir ki, bugünkü patriarxal, kapitalist Azərbaycanda isə, maşın təbii olaraq, maskulin gender dinamikliyinin təmsilinə çevrilib, çünki "qadınların ənənəvi olaraq nə evdən kənarda azadlığı olmayıb, nə də güc uğrunda kişilərlə açıq yarışa girmək üçün imkanları. Lakin bu oyuna daha çox qadının girməsi ilə, güman ki, vəziyyət dəyişəcək".

"Azart"a gələn müştərilərlə söhbət də kişilərin öz oyuncaqlarına necə bağlı olduğunu xeyli ortaya çıxarır.

"Mən heç vaxt belə bir maşın sürmərəm" - deyə, müştərilərdən biri 2010-cu il modeli olan Mercedes Benz G-350-yə ikrahla işarə edir. O, bu maşını 10 gün əvvəl alıb və dərhal sazlanma mərkəzinə gətirib ki, yenidən yığdırsın.

"Üstü qırmızı olacaq. Bütün detalları, o cümlədən, içərisi dəyişdiriləcək", adını vermək istəməyən müştəri bildirir.

"Bu, niyə belə vacibdir ki?" soruşdum.

Bu maşın indiyədək 3 fərqli rəngləmə prosesindən keçib, ona indi 4-cü dəfə əl gəzdiriləcək

Suala təəccüblənmiş şəkildə bir qədər duruxdu və qısaca cavab verdi: "Bu, bir ehtirasdır".

26 yaşlı Fuad Mirzəyevin maşın həvəsi antropomorfizmə (insana xas olan xüsusiyyətlərin başqa varlıqlara aid edilməsi) qədər dərinləşir.

"Fikir versəniz, maşın insana bənzəyir" - deyə, şirkətin satış meneceri Mirzəyev bildirir. "Disklər ayaqqabılar, qabaq işıqları gözlərdir, ön hissə sifətdir, səsboğma sistemi də səsidir. Arxa hissəsi də çox vacibdir və yaxşı görünməlidir", Fuad gülür.

61 yaşlı psixoterapevt Azad İsazadə hesab edir ki, bu gün maşınlar və onların sahibləri arasındakı əlaqə bir zamanlar insanların atları ilə münasibətlərini əks etdirir.

"Biz qaz pedalına basanda motoru və sürəti hiss etməyi, maşını ram etməyi sevirik.

Əvvəllər eyni şeyi vəhşi bir atı cilovlayarkən hiss edirdik. Maşını iki təkər üstünə qaldırmaq istəyirik, necə ki, atlarımızı vaxtilə edərdik", o izah edir.

İsazadə üçün Qafqaz insanı olmaq maşınlara duyulan bu ehtirasa əlavə bir dərinlik də qatır.

Atlar bu regionda insanlar üçün həmişə dəyərli bir rola malik olublar, psixoterapevt deyir, ona görə də bu mənada müsair dövrdə hansısa nüfuzlu brenddən maşın sahibi olmaq uzaq keçmişdə gözəl bir ərəb atına sahib olmaqla eynidir.

"Bütün bunlar təhtəlşüurumuzda oturub. Biz at belindən cəmi 100-150 il əvvəl düşmüşük", İsazadə fikrini tamamlayır.

"Biz saxta brendlər yaradırıq. 2005-ci ilin modelini elə edirik ki, təzə brend kimi görünsün", "Azart"ın yaradıcısı Arif Zeynalov öyünür

Azad İsazadə əlavə edir ki, tüninqin populyarlığı Azərbaycanda 1990-2000-ci illərə gedib çıxır ki, həmin vaxt avtomobil qıtlığı insanlara geniş seçim imkanı verməyib.

"Bizim cavanlığımızda maşın tüninqi qaçılmaz idi, çünki əlimiz çatan yeganə variant Jiquli idi. Bütün modellər eyni idi və 3-5 rəngdə idi.

İmkanlar məhdud olsa da, maşınımızı fərqləndirmək üçün nə isə etmək lazım idi. Üstünə stiker yapışdırmaqla, yan qanadlarını dəyişdirməklə, antenna və spoyler taxmaqla maşını fərdiləşdirərdik", o xatırlayır.