Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirilib (FOTO)


Digərləri 21 May 2019 20:11:11 202 0

Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirilib (FOTO)

Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” hotelində paytaxtımızda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirilib.

Bakı. Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” hotelində paytaxtımızda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, auksion ölkəmizdə mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədilə təşkil olunub. Auksionda Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Gennadi Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzəyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov və Aslan Rüstəmovun rəsm əsərləri, eləcə də Şamil Cəfərovun “İnqermandland” adlı I Pyotr (1682-1725) dövrünə aid döyüş gəmisinin maketi təqdim olunurdu. Auksion haqqında mətbuata açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi: “Bizim təcrübədə ilk dəfədir ki, Azərbaycanda beynəlxalq tələblərə uyğun olaraq rəssamların əsərləri auksion vasitəsilə satışa çıxarılır. Bu proses ölkəmizin yaradıcılıq sənayesinin inkişafı baxımından çox önəmli bir hadisədir. Hazırda dünyada yaradıcılıq sənayesi vasitəsilə böyük maliyyə imkanları əldə edilir”. Nazir vurğuladı ki, gələcəkdə Azərbaycan rəssamlarının əsərləri nəinki ölkə daxilində, həmçinin xaricdə də keçirilən auksionlarda iştirak edə bilər. Bu təşəbbüs dəstəklənəcək və gələcəkdə bu kimi auksionlar mütəmadi keçiriləcək. Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirdi ki, auksion ölkəmizin sənət tarixində ilk hadisədir və “Auction Baku” MMC bundan sonra da bu cür hərraclar gerçəkləşdirəcək. Təqdim olunan əsərlər Azərbaycanın tanınmış rəssamlarının işləridir. Auksiona çıxarılan əsərlərin hamısı şəxsi kolleksiyalarda yer alır.