Normadan artıq şəkər istehlakı insan orqanizmi üçün təhlükəlidir


Digərləri 21 May 2019 16:09:00 317 0

Normadan artıq şəkər istehlakı insan orqanizmi üçün təhlükəlidir

Son.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin "Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir" adlı məqaləsini təqdim edir:

Əksər insanlar yemək və qəlyanaltıda tez hazırlanan qidalara üstünlük verirlər. Bu məhsulların tərkibində əlavə şəkər olduğundan gündəlik kalori qəbulunun böyük hissəsini təşkil edir. Mütəxəssislər gündəlik şəkərdən alınan kalori həcminin 10%-dən az olmasını tövsiyə edirlər. Çünki normadan artıq şəkər istehlakı artıq çəki və diabet kimi bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olur.

Şəkərli qidaların tərkibində şəkərin sadə növü olan fruktoza var. Fruktozanın istehlakı qlükozaya nisbətən aclıq və yeməyə olan tələbatı artırır. Bundan əlavə, həddindən artıq fruktoza istehlakı, aclığı tənzimləyən və qida qəbulunun dayandırılmasına dair orqanizmə doyma siqnalları göndərən leptin hormonuna müqavimət göstərə bilər. Bu isə çəki artımına səbəb olur.

Həddindən artıq şəkər istehlakı ürək xəstəliklərinin risk faktorları olan piylənmə, yüksək qan təzyiqi və iltihab kimi xəstəliklərə səbəb olur. Yüksək şəkərli qidalar ürək xəstəliyindən ölüm riskini artırır. 30.000-dən çox insanın üzərində aparılan tədqiqatda məlum olub ki, əlavə şəkərdən yalnız 8% kalori istehlak edənlərlə müqayisədə, 17-21% kalori istehlak edənlərdə ürək xəstəliyindən ölüm riski 38%-dən çoxdur.

Araşdırmalara görə, son 30 ildə dünyada diabet xəstəlikləri 2 dəfədən çox artıb. Bunun müxtəlif səbəbləri olsa da, diabet riski normadan artıq şəkər qəbul etməklə birbaşa əlaqəlidir. Bundan başqa, uzun müddət şəkər qəbul etdikdə qanda şəkərin miqdarını tənzimləyən, mədəaltı vəzin ifraz etdiyi hormon insulinə müqavimət yaradır. İnsulinə müqavimət qanda şəkərin səviyyəsini artırır və bu da diabet riskini gücləndirir.

175-dən çox ölkəni əhatə edən araşdırma nəticəsində məlum olub ki, diabetə yoluxma riski hər qəbul edilən 150 kalori şəkərə və ya bir şüşə qazlı içkiyə görə 1,1% artır.

Araşdırmalarda əlavə şəkər istehlakının, qida borusu, ağciyər və nazik bağırsağın xərçəngi riski ilə əlaqəsi olduğu təsdiqlənib. Digər bir araşdırma göstərir ki, həftədə üç dəfədən çox şirin çörək və çərəz istehlak edən qadınlarda endometrial xərçəngin inkişafı bu qidaları həftədə 0,5 dəfə istehlak edən qadınlara nisbətən 1,42 dəfə çoxdur.