Valideynləri narahat edən məqamla bağlı DİM: Bu il qəbul imtahanlarında fənlər üzrə bal məhdudiyyəti qoyulmayıb


Digərləri 21 May 2019 14:35:00 189 0

Valideynləri narahat edən məqamla bağlı DİM: Bu il qəbul imtahanlarında fənlər üzrə bal məhdudiyyəti qoyulmayıb

Yeni qaydalarda nisbi balla bağlı yalnız müəyyən ixtisaslar üzrə məhdudiyyətlər qoyulub.

Bakı. İlhamə İsabalayeva – Dövlət İmtahan Mərkəzi (DİM) bu il ali məktəblərə yeni qayda ilə keçirilən qəbul imtahanlarında ötən illərdə olduğu kimi fənlər üzrə nisbi balın qoyulub-qoyulmamasına və abituriyentlərin hər hansı imtahan fənni üzrə nisbi bal toplaya bilmədikdə ali məktəbə qəbul müsabiqəsinə buraxılmayacağı ilə bağlı valideynləri narahat edən məsələlərə aydınlıq gətirib. DİM-in mətbuat katibi Xanlar Xanlarzadə Trend-ə bildirib ki, ötən illərin qəbul qaydalarına görə, ixtisas seçimində hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərdilər. Bu il isə abituriyentlər üçün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti, yəni hər hansı fənn üzrə mimimal olaraq, müəyyən edilmiş balın toplanılması şərti qoyulmayıb. Amma builki qəbul qaydalarının ümumi şərtlərinə əsasən, abituriyentin imtahanın birinci (birinci, yəni buraxılış imtahanı mərhələsində maksimal 300 bal) və ikinci mərhələsində (maksimal 400 bal) topladığı minimal balın ümumi həddi 200 olmalıdır. Abituriyent üçün imtahanın birinci mərhələsində minimal balla bağlı tələb qoyulmasa da, onun ikinci mərhələdə topladığı bal 100-dən az olmamalıdır. Bununla yanaşı, əgər abituriyent buraxılış imtahanında 80 bal toplayıbsa, ikinci mərhələ imtahanında minimal olaraq 120 bal toplamalıdır ki, müsabidəqə iştirak edə bilsin. Çünki müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Əvvəllər nisbi balla qoyulmuş tələblər, eyni zamanda nisbi bal sıfır olduqda müsabiqədə iştirak edə bilməməklə bağlı qoyulan məhdudiyyətlər indi yoxdur. X.Xanlarzadə qeyd edib ki, yeni qaydalarda nisbi balla bağlı yalnız müəyyən ixtisaslar üzrə məhdudiyyətlər qoyulub. Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarına qəbul olmaq üçün abituriyentin xarici dil fənnindən (buraxılış imtahanında) topladığı nisbi bal 40 olmalıdır. Dövlət ali təhsil müəssisələrinin “Tərcümə" (dillər üzrə) ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılacaqlar. Abituriyent dövlət ali məktəblərinin tədrisi ingilis dilində olmayan ixtisaslarına sənəd vermədikdə nisbi bal məhdudiyyəti qoyulmayacaq.