Bakı-Gürcüstan yolunun Hacıqabul-Ələt hissəsinin təmirinə başlanılıb (FOTO)


Digərləri 21 May 2019 12:00:00 207 0

Bakı-Gürcüstan yolunun Hacıqabul-Ələt hissəsinin təmirinə başlanılıb (FOTO)

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-116-cı km-lik hissəsində təmir-tikinti işlərinə start verilib.

Bakı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-116-cı km-lik hissəsində təmir-tikinti işlərinə start verilib. Agentlikdən Trend-ə verilən məlumata görə, tikinti işləri avtomagistralın Ələt-Hacıqabul hissəsində aparılır. İlkin mərhələdə işlərə Hacıqabul rayonu ərazisindən, yəni 116-cı km-dən başlayaraq Ələt qəsəbəsi istiqamətində start verilib. Bu üzdən sözügedən hissə ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılarıb. Müvəqqəti olaraq Bakı şəhəri istiqamətində hərəkət edən sürücülər üçün əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub. Təmir-bərpa işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yol yatağının deformasiyaya uğramış yararsız hissələri qazılaraq çıxarılır, yararlı qrunt ilə əks dolğu işləri aparılaraq yenidən kipləşdirmə işləri görülür. Bunun ardınca qazılmış hissələrdə yol əsası işlənərək hamarlayıcı lay asfalt-beton örtüyü döşənib. Bu işlərə paralel olaraq yol ayrıcında quraşdırılmış əyri-xətli dəmir tirlərin sökülməsi əvəzinə monolit dəmir-beton mühafizə sədlərin quraşdırılması işləri də görülür. Layihənin növbəti mərhələsi olaraq yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib.