İnnovasiya və ya ölüm...Amerikanın işıq labirintləri Bakıda (FOTO)


Digərləri 20 May 2019 18:44:00 228 0

İnnovasiya və ya ölüm...Amerikanın işıq labirintləri Bakıda (FOTO)

"Gazelli Art House"da amerikalı rəssam Stenli Kasselmanın "İşıq labirintləri" sərgisinin təqdimatı keçirilib.

Bakı. Vüqar İmanov - "Gazelli Art House"da amerikalı rəssam Stenli Kasselmanın "İşıq labirintləri" sərgisinin təqdimatı keçirilib. Trend-in məlumatına görə, təqdim olunan kompozisiya rəssamın Deyvid Anfamın kuratorluğu altında 4 illik əməyinin nəticəsidir. Rəssam deyib: "Ağlımdan çıxmayan bir sadə fikir- İnnovasiya və ya ölüm. Eyni şeylərə təkrar-təkrar düzəlişlər etmək bəzən məni dəhşətli dərəcədə yorur. Məhz buna görə mənim sənət əsərlərim daim inkişaf prosesindədir". Bu, S.Kasselmanın ikinci solo sərgisidir və rəssamın "Tezlik", "Adsız- Mövcudluq", "Bir Gün" və "Maye" seriyalarından bəzi əsərlərini özündə cəmləşdirir. "Gazelli Art House" qalereyasının təsisçisi və rəhbəri Mila Əsgərova: “Biz çoxdan gözlənilən əməkdaşlığın nəticəsini Bakı qalereyasında təqdim etməkdən məmnunuq. İlk sərgimizin keçirildiyi 2014-ci ildən bu günə kimi Stenli davamlı olaraq yaradıcılığın sərhədlərini daimi genişləndirərək nəticə etibarilə inanılmaz yüksəkliklərə çatdı”. Qeyd edək ki, karyerası boyunca S.Kasselmanın bütün işləri işiq xüsusiyyətlərinin füsunkarlığı ilə dolub. 25 il əvvəl Vestminster abbatlığının vitraj şüşələrindən ilhamlanan rəssam arxa fonu işıqlı şəkillər yaratmaqla öz bədii fəaliyyətinə başlayıb. Daha sonra isə o diqqətini poliefir ekranlı işlərinə fokuslayaraq bu sahədə novatora çevrilir. S.Kasselman təpələr, vadilər, zirvələr və çökəkliklərlə dolu cəsarətli, geniş miqyaslı, abstrakt şəkilləri ilə işığın müxtəlif xüsusiyyətlərini əks etdirir. "Tezlik" və "Adsız- Mövcudluq" seriyasından olan bu rəngarəng labirintlər səthi gərginliyi və abstraktlığı orijinal üsulla çatdırır. S.Kasselmanın şəxsən düzəltdiyi alətlərlə, böyük zəhmət tələb edən proses səth üzərində qat-qat salınan boyalardan ibarətdir. Nəticələr həm minimalist, həm də rəng, xətt və formanın incə dəyişikliklərini göstərən detallarla zəngin olur.