Xalq artisti Laçının işğal günü erməni bayrağı ilə konsert verib?


Şou-biznes 20 May 2019 15:34:00 261 0

Xalq artisti Laçının işğal günü erməni bayrağı ilə konsert verib?

Xalq artisti Eyyub Yaqubovun mayın 17-də İsveçdə konsert verdiyi barədə xəbərlər yayılıb. Müğənninin Laçının işğal günü səhnəyə çıxması Azərbaycanda ciddi etirazla qarşılanıb. Xüsusilə həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi hiddət doğurub.

E.Yaqubovun işğal günü konsert verməsi bir yana dursun, səhnədəki video-kadrlarda erməni bayrağı da yer alıb. Bu da ciddi sualların yaranmasına səbəb olub. Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq. Zəngimizə onun köməkçisi cavab verdi və mayın 30-da E.Yaqubovun Azərbaycana qayıdacağını, ondan sonra açıqlama verəcəklərini bildirdi.

E.Yaqubovun mahnı səsləndirdiyi tədbirin təşkilatçısı Vahid Azərbaycan Dərnəyi olub.

Son.az xəbər verir ki, Dərnəyin rəhbəri Ayə Coşqun "Yeni Müsavat"a açıqlamasında bunun təxribat olduğunu söylədi: "Biz İsveçin Malmö şəhərində fəaliyyət göstəririk. Hər il Cümhuriyyət bayramına iki ay qalmış planımızı hazırlayırıq. İsveç hökumətinə bu barədə məlumat veririk. Bu tədbirin Azərbaycanla heç bir əlaqəsi yoxdur. İsveçdə keçirilən bütün tədbirlərin məsuliyyəti bu hökumətin üzərinə düşür. Hər il Cümhuriyyət gününü qeyd etdiyimiz üçün təqvimə əvvəlcədən baxırıq. İşğal və digər bizim üçün ağrılı günlərə tədbirlər salmırıq. Allaha şükür oxumuşuq, bilirik ki, 17 may Laçının işğal günüdür. Mən aidiyyəti şəxslərə dedim ki, bizə 17 maydan savayı hansı gün konsert zalı təşkil edə bilərsiniz. Onlar bizə dedilər ki, ya cümə, ya da şənbə günü ola bilər. 17-nə qəti etiraz bildirmişəm. İndi burada belə bir məsələ qaldırmaq ki, Eyyub bəy 17 may günü konsert verib, bu, ona qarşı çox böyük haqsızlıqdır. Çünki konsert 18-də baş tutub. İsveç hökuməti bizə 2 gündən birini təklif edib və biz də məcbur qalıb 18 mayı seçmişik. Bu, mənim Azərbaycan Dərnəyinin rəhbəri kimi fəaliyyətimə haqsızlıqdır. Feysbuqda Eyyub bəyin erməni bayrağı ilə fotosu verilir. Buna çox üzüldüm. Əvvəla, o çəkdiyimiz filmdən bir fraqmentdir. Əvvəldə, şəhidlərimizin, Böyük Məmməd Əmin Rəsulzadənin ruhu yad edilir. 1918-ci ildən bu yana qədər tarixi şəxsiyyətlərimizlə bağlı film göstərilib. İşğal edilən ərazilərimiz o filmdə göstərilib və orada Rusiya, İran, Türkiyə, Ermənistan bayraqları da keçib. Niyə məhz erməni bayrağı ilə Eyyub bəyin fotosu verilib? Bu Eyyub bəyə hörmətsizlikdir. Çünki Eyyub bəy heç zaman Azərbaycanda siyasətə qarışmayıb. Onun kimi insana bunları etmək ilk növbədə, mənə qarşı həqarətdir. Bu mənim və İsveç dövlətinin əməyinə də həqarətdir.

Sizlərdən xahiş edirəm ki, diaspora təşkilatımızın 10 illiyinə qarşı olan bu hörmətsizliyə imkan verməyin. Çünki tədbirdə Azərbaycanla bağlı tarixi film göstərilib. Film 15 dəqiqə sürüb. Tədbirin əvvəlində Rəsulzadədən, işğal altında olan torpaqlarımızdan və digər məsələlərdən söhbət açılıb. Bizə təbii ki, sərhəd olan ölkələr filmdə keçməli idi. Ermənilər torpaqlarımızı işğal ediblər və o hissədə onların bayrağı keçib. Mənim adıma yaraşmaz ki, səhnədə düşmənlərimin bayrağını göstərək. Mən xalq şairi İsgəndər Coşqunun qızıyam. Dövlətçiliyimiz bizim üçün əsasdır. İsveç parlamentində "erməni soyqırımı"nı tanıdıqları üçün məsələ qaldırmışıq. Belə bir əmək verdiyim yerdə əməyimin bu cür yerə vurulmasına çox üzüldüm. Bunu kim edibsə, şəxsən onun gözlərinin içinə baxıb danışmaq istəyirəm. Bu filmi kim istəyirsə, bütövlükdə göndərə bilərəm. Heç kimə hesabat vermək zorunda deyiləm. Sadəcə, olanları deyirəm. Biz tarixi göstərmişik. Məntiqlə düşünün, səbəbsiz necə tədbirimdə erməni bayrağını nümayiş etdirə bilərəm? Məni tanıyan yaxşı tanıyır. Kim istəsə, buradakı fəaliyyətimlə maraqlanar. Burada Eyyub bəylik heç nə yoxdur. Eyyub bəy İsveç dövlətinin dəvəti ilə gəlib".