Azərbaycan və Fransa arasında coğrafi göstəricilərin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)


Digərləri 20 May 2019 13:36:00 160 0

Azərbaycan və Fransa arasında coğrafi göstəricilərin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Fransanın Türkiyədəki səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri cənab François Vieli qəbul edib.

Bakı. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Fransanın Türkiyədəki səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri François Vieli qəbul edib. Əqli Mülkiyyət Agentliyindən Trend-ə verilən məlumata görə, fransalı qonağı salamlayan K.İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatların uğurla reallaşdırması, o cümlədən əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar barədə məlumat verərək, Dünya Bankının "Doing Business - 2019" hesabatında Azərbaycanın 10 ən islahatçı dövlətlər sırasında olduğunu vurğulayıb. K.İmanov agentliyin ölkəmizdə əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxs olduğunu, əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etdiyini bildirib. Qəbul üçün təşəkkürünü bildirən və Azərbaycana səfərində ilk görüşü məhz Əqli Mülkiyyət Agentliyində keçirdiyini diqqətə çatdıran F.Viel 35 ildən artıq müddətdə kənd təsərrüfatı sahəsində çalışdığını, Parisdə və bir sıra ölkələrdə, o cümlədən 2007-2012-ci illərdə Rusiyada işlədiyini, eyni zamanda coğrafi göstəricilər üzrə bir sıra layihələrdə iştirak etdiyini söyləyib. O, Fransanın coğrafi göstəricilərin qorunması sahəsində qanunvericiliyi haqqında məlumat verib və belə qorunma sayəsində sahibkarların əldə etdikləri gəlirlər barəsində danışıb. Ölkəmizin əqli mülkiyyət sahəsində qanunvericiliyinə toxunan K.İmanov sovet dövründə coğrafi göstəricilərin qorunmadığını və müstəqillik qazanıldıqdan sonra “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun hələ 1997-ci ildə qəbul edildiyini, hazırda ölkəmizdə 35 coğrafi göstəricinin qorunduğunu və 13 müraciət üzrə ekspertizanın aparılma mərhələsində olduğunu, coğrafi göstəricilərin qorunması tələblərini pozanlara qarşı inzibati və cinayət məsuliyyətinin nəzərdə tutulduğunu bildirib.